“Təsadüfi qol vurub, müdafiədə oturdular”
10.05.2013 - 19:00
“Təsadüfi qol vurub, müdafiədə oturdular”
“Neftçi”nin kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının XXX turunun “Simurq”la oyunundan (1:1) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

- Qarşılaşma necə keçdi?
- Çətin oldu. Təsadüfi qol vurdular. Zərbədən sonra top başqa futbolçuya çarpıb qapımızdan keçdi. Rəqib 11 nəfərlə müdafiə olundu. Bu cür müdafiə xəttini yarmaq isə çətindi. Bununla belə, hesabı bərabərləşdirməyi bacardıq. Lakin qələbə istəyirdik , amma alınmadı.

- Əsas hücumçunuz Nikolas Kanalesin yoxluğu hiss olunurdumu?
- Oyun ərzində qol imkanlarımız çox idi. Epizodlar yaradırdıq, sadəcə, reallaşdıra bilmədik. Yararlansaydıq, heç kim deməyəcəkdi ki, Kanales yoxdur. Qələbə qazansaydıq, bu gün bunu danışmayacaqdılar. Bəxtimiz gətirmədi.

- Qələbə sayəsində çempionluğu elan edəcəkdiniz. Bu istəyin hardasa əks-təsir yaratdığını söyləmək olarmı?
- Biz qələbə qazanmaq üçün meydana çıxmışdıq. Çempion olmasaydıq belə, yenə 3 xal qazanmaq üçün mübarizə aparırdıq. Bizim üçün vacib olan budur. Hər oyunda qələbə qazanmaq qarşımıza qoyduğumuz əsas vəzifədir.

- “İnter” – “Qarabağ” oyununun hesabını bilirdiniz. Bu qarşılaşmanın erkən bitməsinin necə, müəyyən təsiri oldumu?
- Biz heç bir matçın nəticəsinə diqqət yetirmirik. “Neftçi” üçün vacib olan komandanın öz oyunudur. Digər rəqiblərimizin nəticəsinə uyğun olaraq oynamırıq. Biz qələbə qazandıqdan sonra digər oyunların nəticəsi nəyimizə gərəkdir?

- Bəlkə arxayınçılıq yaradıb?
- Həmin oyunun heç-heçə başa çatması bizi ruhlandırmışdı. Sadəcə, oyunumuz alınmadı. Həm də bütün oyunlarda qələbə qazanmaq mümkün deyil. Təəssüfləndiyimiz məqam odur ki, çempionluğu növbəti tura saxladıq. Halbuki, qələbə qazanıb, onu doğma meydanımızda qeyd edə bilərdik.

- Qarşıda 2 oyun var. “Neftçi”yə isə cəmi 1 xal kifayətdir. Əslində, bunsuz da çempion ola bilərsiniz. Bunun üçün “Qarabağ”ın xal itirməsi yetər. Bu qədər həyəcanlanmağa ehtiyac varmı?
- Çalışacağıq. “Neftçi” istənilən oyuna 3 xal üçün çıxır.

- Çempionluğu əyalətdə bayram etmək ehtimalınız da var…
- Bunun elə də ciddi fərqi yoxdur. Əsas odur ki, çempion olaq. Çempionluq hər yerdə çempionluqdur.
0