“Simurq”un məşqçisinə 5 oyunluq cəza
11.05.2013 - 09:30
“Simurq”un məşqçisinə 5 oyunluq cəza
AFFA “Simurq”un əvəzedicilərinin məşqçisi Rauf Mehdiyevi cəzalandırıb. Apasport.az saytının məlumatına görə, assosiasiyanın İntizam Komitəsinin iclasında Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun “Neftçi” – “Simurq” matçında baş verənlər hüququ qiymətini alıb.

Belə ki, qarşılaşmanın fasiləsi zamanı “Simurq”un çalışdırıcısı hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 2500 manat cərimə olunub. Həmçinin, zaqatalalıların 6 futbolçusu sarı vərəqə aldığı üçün komanda əlavə 500 manat da ödəyəcək.

“Simurq”un cəzası bununla da bitməyib. Görüşün 6-cı dəqiqəsində komandanın futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq diskvalifikasiya edilib, klubunu isə 1000 manat ziyana salıb.

Qeyd edək ki, aprelin 30-da “Simurq”un əsas komandasının baş məşqçisi Georgi Çixradze də cəzalanmışdı. O, Mehdiyevdən fərqli, 10 matçı azarkeş kimi izləyəcək.