“Toşak Avropanı gəzib, mən isə kəndçi balasıyam” - MÜSAHİBƏ
27.05.2013 - 16:45
“Toşak Avropanı gəzib, mən isə kəndçi balasıyam” - MÜSAHİBƏ


“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı sabah Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər Lənkəran”a qarşı keçiriləcək ölkə kubokunun final matçı barədə danışıb.

- 2 qardaş və prinsipial rəqib arasında maraqlı oyun olacaq. 1 həftədir bu qarşılaşmaya hazırlaşırıq. “Xəzər Lənkəran”a hörmətlə yanaşırıq, həmişə “Neftçi” üçün layiqli rəqib olub. Baxmayaraq ki, komanda çempionatda uğursuz çıxış edib. “Neftçi”yə qarşı bütün komandalar motivasiya ilə oynayır. Kim güclüdürsə, qoy sabah qalib gəlsin. Avrokuboklarda bütün iştirakçılarımıza uğurlar arzulayıram.

- “Neftçi” çempionluq ab-havasından çıxıb?
- Bu artıq tarixdə qalıb, irəliyə baxırıq. Biz komandada ilk növbədə qardaşıq, dostuq. Hərçənd, xarakterim bir az ağırdır. Ancaq onlarla həmişə səmimi olmuşam. Mənim komandamda burnunu qaldıran futbolçu ola bilməz.

- Aparıcı futbolçularınız Nikolas Kanales və Julius Vobayla yeni müqavilə imzalanmayıb. Bu final oyununa təsir göstərə bilər?
- Narahat olmayın, hər ikisi qalacaq. Yaddan çıxarmaq lazım deyil ki, Vobay “Xəzər Lənkəran”dan gəlib. O, əvvəl belə oyun göstərmirdi. Kanales isə bir tapıntı oldu. Onlar fikirləşməlidir ki, gələcək karyeralarını harada davam etdirəcək. Ürəyi komandamıza olmayan futbolçulara yol açıqdır. Bir şey də var ki, Ramosun da bizimlə müqaviləsi bitməyib. O, “Neftçi”də icarə əsasında oynayır. Qarğa kimi 300 il yaşamaqdansa, şah kimi 2 gün yaşamaq çətindir.

- Siz əcnəbilərin qənimi sayılırsınız. “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak sizinlə dueldən qalib çıxmaq istəyir...
- Toşak məndən 10 yaş böyükdür. Ona böyük hörmətimiz var. Toşakdan öyrəniləsi çox şey var. O, Avropanı gəzib, mən isə kəndçi balasıyam. Mənim üçün Azərbaycan mentaliteti həmişə önəmli olub. Ancaq meydanda hamıya qarşı ilk növbədə rəqibəm.

- Komandanızda zədə, yorğunluq baxımından vəziyyət necədir?
- İnşallah, “qızıl dubl” edəcəyik. Mövsümü belə yüksək notda başa vurmaq istəyirik.

Mehman SÜLEYMANOV
0