İlk qolunu Azərbaycan yığmasında vurdu...
30.05.2013 - 08:59
İlk qolunu Azərbaycan yığmasında vurdu...
Azərbaycan millisində daha 1 futbolçu qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, buna Qətərlə 1:1 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə “Kayzerslautern II”də oynayan Rüfət Dadaşov nail olub. Peşəkar karyerasına Almaniyada başlayan 22 yaşlı hücumçu səfər oyununun 89-cu dəqiqəsində rəqib qapısına yol tapmaqla, millimizin uduzmağına imkan verməyib.

Rüfətin Almaniya Regionalliqasının Cənub-Qərb zonasında mübarizə aparan komandasının heyətində fərqlənmədiyini nəzərə alsaq, bu, onun cari mövsümdə ilk qoludur. Millimizin baş məşqçisi Berti Foqtsun ötən ilin sonunda Bakıda seleksiya xarakterli təlim-məşq toplanışına çağırdığı Dadaşov 2013-ün ilk oyununda debüt edib.

Bu, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Özbəkistan yığması ilə qolsuz heç-heçə ilə nəticələnən yoldaşlıq görüşü idi. Ardından həmin məkanda Lixtenşteynə 1:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə meydana çıxan hücumçu martda Lüksemburq və Portuqaliya ilə rəsmi oyunlarda ehtiyatda qaldı. Yəni Dadaşov millidə 3-cü oyununda qol hesabını açmağa müvəffəq olub.

Rusiyada anadan olan, Almaniya vətəndaşlığını daşıyan Rüfət digər milliləşdirilən hücumçu Cihan Özkaradan daha yaxşı göstəriciyə imza ata bilib. Belə ki, “Sivasspor”un əslən Türkiyədən olan futbolçusu ötən ilin avqustunda Bəhreyn yığmasına Bakıda 3:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə millidə ilk qolunu vuraraq, buna 4-cü oyununda nail olub. Nəticədə Cihan yığmamızla qol sevinci yaşayan 45-ci, həmin matçda fərqlənən Cavid Hüseynov 46-cı futbolçu oldu. Bundan sonra millimizdə qol vuranlardan Ruslan Abışov, Rauf Əliyev və Vaqif Cavadovun daha öncə fərqləndiklərini nəzərə alsaq, Dadaşov “siftə”ni edən 47-ci futbolçu oldu.

O, eyni zamanda millimizin 2 oyunluq qolsuzluq seriyasına da son qoydu. Yəni Lüksemburqla 0:0 hesablı bərabərliyə qaldığımız səfər, Portuqaliyaya 0:2 uduzduğumuz ev oyununda qol vura bilməmişdik.

Qeyd edək ki, millimizin ilk qoluna hazırda onun məşqçisi olan Nazim Süleymanov 1992-ci ilin sentyabrın 17-də debüt matçımız olan Gürcüstan yığmasına səfərdə 3:6 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşünün 42-ci dəqiqəsində imza atıb.