Anatoli Demyanenko: “Neftçi”yə getməklə səhv etdim
03.06.2013 - 12:41
Anatoli Demyanenko: “Neftçi”yə getməklə səhv etdim
“Elə alındı ki, riskə gedib Azərbaycana yollandım. Özü də orada futbolun səviyyəsi yetərincə yaxşıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin sabiq baş məşqçisi Alnatoli Demyanenko deyib.

2008-ci ilin yanvarından sentyabrınadək “ağ-qaralar”da çalışan ukraynalı mütəxəssis ölkəmizdəki karyerasını xatırlayıb. 54 yaşlı çalışdırıcı məşhurlaşdığı Kiyev “Dinamo”sundan sonra “Neftçi”yə yollanmaqla, səhvə yol verdiyi söyləyib.

“Fikrimcə, Azərbaycandakı güclü komandalar Ukraynada ən yaxşı 6-7 klub arasına daxil olardı. Ancaq mən ora tək, öz məşqçilər korpusum olmadan getdim. İndi başa düşürəm ki, səhv etdim. Özü də mən həddən artıq sadəlövh idim. Sonda hər şey gözlədiyim kimi alınmadı” – deyə, Demyanenko bildirib.

Qeyd edək ki, Demyanenko 2008-ci ilin yayında “Neftçi”ni İntertoto kubokunda son təsnifat mərhələsinə kimi aparmaqla, futbol tariximizə 2 mərhələ adlayan ilk məşqçimiz düşüb.