“Neftçi” bu gün yeni futbolçu ilə müqavilə bağlayacaq
17.06.2013 - 10:58
“Neftçi” bu gün yeni futbolçu ilə müqavilə bağlayacaq
“Neftçi” bu gün ilk transferini rəsmiləşdirə bilər. Apasport.az saytının məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “ağ-qaralar” Karlos Kardoso ilə anlaşıb.

Artıq Bakıda olan braziliyalı futbolçu təkrar müayinədən keçdikdən sonra “Neftçi” ilə müqavilə bağlayacaq. Tam adı Karlos Aleşandre Kardoso olan futbolçu mərkəz müdafiəçisidir. Ancaq 28 yaşlı oyunçu dayaq yarımmüdafiəçi kimi də çıxış edə bilir. Onun Səudiyyə Ərəbistanının “Nacran” klubuna gedəcəyi gözlənilən Elvin Yunuszadənin və ya klubda qalacağı dəqiqləşməyən Erik Ramosun mövqeyində oynadılacağı ehtimal olunur.

Qeyd edək ki, Karlos Kardoso ölkəsində “Komersial” və “Vitoriya” klublarında çıxış edib. Portuqaliyada “Eştrela”, Rumıniyada “Panduriy”, Rusiyada “Alaniya” klublarında isə legioner həyatı yaşayıb. Son 6 ay ərzində “Vitoriya”da 5 oyun keçirib.