“Futbolunuz yaxın vaxtlarda öz sözünü deyəcək” - MÜSAHİBƏ
24.06.2013 - 11:51
“Futbolunuz yaxın vaxtlarda öz sözünü deyəcək” - MÜSAHİBƏ
Bakıda keçirilən İBA CUP turnirinin qalibi olan Türkiyənin “Beşiktaş” klubunun 14 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Sarp Yiğitin apasport.az saytına müsahibəsi

- Bakıda qalibi olduğunuz İBA CUP turniri ilə bağlı nə deyə bilərsiniz?
- Yüksək səviyyədə təşkil olunmuşdu. Bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Final oyununda bizi dəstəkləmək üçün azarkeşlər stadiona təşrif buyurmuşdular. Onların dəstəyindən razı qaldıq. Hər zaman olduğu kimi, qonaqpərvərliyinizə yenə söz ola bilməz. Bizi ən yüksək səviyyədə qarşıladınız. Turnirdə klubumuzu layiqincə təmsil etməyə çalışdıq. Nəticə göz qabağındadır. Uşaqlardan razı qaldım. Əllərindən gələni etdilər ki, Bakıdan kubokla dönək. Bunu bacardıqlarına görə, onlarla qürur duyuram və təbrik edirəm. Turniri məğlub olmadan başa vurduq.

- Komandalar arasında səviyyə baxımından fərq böyük idi?
- Belə düşünmürəm. Əksinə bütün rəqiblər güclü idi. Çətin və maraqlı oyunların şahidi olduq. Bura gələn komandaların hamısı qalib olmaq istəyirdi. Ancaq sonda biz hamıdan güclü olduq.

- Final qarşılaşmasında çətinliklə qələbə qazandınız. Hətta hesabda geridə idiniz.
- Futbolda belə şeylər normaldır. Hesabda geri düşsək də, uşaqlar oyundan qopmadılar. Sona qədər mübarizə apardılar. Yekunda isə bəhrəsini gördülər. 0:1 hesabı ilə geridə olduğumuz oyunu 2:1 hesablı qələbə ilə başa vurduq. Bir qədər çətin olsa da, istədiyimiz nəticəni əldə etdik.

- “Beşiktaş”ın aşağıyaşlı komandaları son 20 gündə ikinci dəfə ölkəmizdə təşkil edilən beynəlxalq turnirdə iştirak edib. Bu cür yarışlar komandanız nə qazandırır?
- Uşaq futbolunda bu cür turnirlərin əhəmiyyəti çox böyükdür. Uşaqlar digər ölkələrdən gəlmiş öz yaşıdları ilə qarşılaşır və təcrübə toplayır. Eyni zamanda bir-birilərini tanımış olurlar. Həm də bu cür yarışlarda futbolçular özləri də hansı istiqamətdə daha çox çalışmalı olduqlarını görürlər. Yəni zəif və inkişaf etdirilməli olduğu cəhətlərini müəyyənləşdirirlər. Düzdür, dəvət bizim üçün sürpriz oldu. Ancaq növbəti illərdə də hansısa turnirə çağırsanız, yenə sevə-sevə gələcəyik.

- Ölkəmizdə beynəlxalq turnirlərin sayı çoxalıb. Sizcə, bu futbolun inkişafına təkan verəcəkmi?
- Azərbaycan futbolunu yaxından izləyə bilmirəm. Amma müəyyən məlumatlarım var. Bilirəm ki, çempionatınızda “İnter”, “Neftçi” kimi güclü komandalar yarışır. Üstəlik, infrastruktur sahəsində də xeyli işlər görülüb. Yeni stadionlar, məşq meydançaları, bazalar istifadəyə verilib. Bunlar hamısı futbolun inkişafına xidmət edən amillərdir. Düşünürəm ki, futbolunuz yaxın vaxtlarda sözünü deyəcək.