“Mariehamn”: 2009-cu ildən peşəkar klub və avrokubokların debütantı
24.06.2013 - 16:10
“Mariehamn”: 2009-cu ildən peşəkar klub və avrokubokların debütantı
Ölkəmizi Avroliqanın 1-ci təsnifat mərhələsindən etibarən təmsil edəcək olan “İnter”in rəqibi “Mariehamn”dır. Apasport.az saytı Finlandiya təmsilçisini sizlər üçün təqdim edir.

Finlandiyanın Aland adalarının mərkəzi olan Mariehamn şəhərinin təmsilçisi klub olaraq 1919-cu ildə yaradılıb. Ancaq bu klubda 1930-cu illərin ortalarına kimi futbol bölməsi olmayıb. İlk əvvəllər yerli turnirlərdə Finlandiya və İsveç komandaları ilə oyunlar keçirən “Mariehamn” 1945-ci ildən ölkəsinin çempionat sistemində çıxış etməyə başlayıb.

“Mariehamn” 70-ci illərə kimi Finlandiyanın 3-cü və 4-cü divizionlarında çıxış edib. 1975-ci ildə 2-ci diviziona yüksələn klub növbəti il 1-ci dəstədə çıxış etməyə başlayıb. İlk dəfə 2004-cü ildə isə Finlandiyanın elitası sayılan Veykkausliqada mübarizə aparmaq hüququ qazanıb (maraqlıdır ki, “bankirlər” də 2004-cü ildən “İnter” adı ilə elitada çıxış edir – red.). Komanda ilk mövsümündə 14 komanda arasında 12-ci olub. 2009-cu ildən peşəkar klub kimi elitada çıxış edən “Mariehamn” regional turnirlərdən də qalmayıb. Aland kubokunu 40 dəfə qazanan “ağ-yaşıllar” 42 dəfə adanın çempionu olub.

Ötən ilki çempionatı 4-cü kimi bitirən “Mariehamn” hazırda davam edən Finlandiya çempionatında 21 xalla 5-ci pilləni tutur. “Adalılar” bu gün səfərdə Turku “İnter”i ilə qarşılaşacaq. Robert Söderdalın prezidenti olduğu klub ev oyunlarını 4 min tamaşaçı tutumuna malik olan “Viklöf Holdinq Arena”da keçirir. Baş məşqçiləri 59 yaşlı Pekka Lüüskidir. O, 2003-cü ildən komandanın sükanı arxasındadır.

Avrokuboklarda debüt edəcək “Mariehamn”da Finlandiya yığmasından heç kim yoxdur. Ancaq komandada kifayət qədər legioner var. Bunlardan 4-ü qonşu İsveçdəndir. İsveçli Mattias Viklöf, Emil Andersson, Robin Östlind və Simon Nurmedən başqa, kanadalı Rocer Tompson, nigeriyalı Eçiabhi Okoduqha, yeni zelandiyalı Kris Brayt, braziliyalı Dieqo Assis və yamaykalılar Dever Orgillə Alanzo Adlam burda legioner karyerası yaşayır.