“Xəzər Lənkəran”ın rekordçu rəqibi 9 ildi qol vura bilmir
24.06.2013 - 16:16
“Xəzər Lənkəran”ın rekordçu rəqibi  9 ildi qol vura bilmir
Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan “Slima” klubu Maltanın ən titullu komandasıdır. Apasport.az saytının məlumatına görə, tam adı “Slima Uonderers” olan Ta-Qali təmsilçisi 1909-cu ildə yaradılıb. Elə debüt mövsümündə ölkə çempionatının ikincisi olan komanda 10 ildən sonra çempionluq sevinci də yaşayıb.

Ümumilikdə isə hamıdan çox – 26 dəfə cırtdan ölkə təmsilçisinin çempionu olan klub bu göstəricidə mütləq rekorda malikdir. Lakin “Slima” artıq 8 ildir ki, bu titula həsrətdir. 4 ildir kubok qazanmayan komanda bu mükafatı 20 dəfə əldə etməklə də mütləq rekordun sahibidir. İrili-xırdalı turnirlərdəki mükafatlarla birlikdə komandanın 100-dən çox kuboku
var.

“Slima” Maltanın daha bir rekordunun sahibidir. Bu komanda ölkəsinin avrokuboklarda ən çox oynamış klubudur. 24-ü Çempionlar Liqası, 20-si Kuboklar kuboku, 36-sı UEFA kuboku, 2-si İntertoto kubokunda olmaqla 82 dəfə qitə səhnəsinə çıxan maltalılar cəmi 12 qələbə qazanıb. 5 heç-heçəsi olan cırtdanlar 65 dəfə uduzub. Vurduğu 49 qolun qarşılığında 230-nu buraxan “Slima” 10 ildir qələbəyə həsrətdir. Onlar sonuncu dəfə 2003-cü ildə “Skonto”nu 2:0 hesabı ilə məğlub edib. Səfərdə 1:3 hesabı ilə uduzan maltalılar rəqib meydanındakı qol sayəsində mərhələ adlayıb.

Avrokuboklar tarixində ən böyük 5-ci hesab “Slima”nın oyununda qeydə alınıb. 1982-ci ildə “Xəzər Lənkəran”ın indiki baş məşqçisi Con Toşakın oynayan məşqçisi olduğu Uels “Suonsi”si maltalıları 12:0 hesabı ilə yenib. Qitə kuboklarında yalnız 4 dəfə daha böyük fərq qeydə alınıb.

40 ildir Avropada oynayan “Slima” bu müddətdə cəmi 4 dəfə mərhələ adlayıb. 2 dəfə Çempionlar Liqası, hərəsində 1 dəfə olmaqla Kuboklar kuboku və UEFA kubokunda uğur qazanan rəqib sonuncu dəfə 10 il əvvəl bunu bacarıb. 2005-ci ildən sonra avrokuboklarda qol vura bilməyən rekordçu ardıcıl 9 qarşılaşmadır rəqib qapısına yol tapmır.

Ta-Qalinin eyniadlı stadionunda oynayan komandanın arenası 18 min tamaşaçı tutur. Komandanın indiki baş məşqçisi Alonso Qreko ötən ilin avqustundan bu klubu çalışdırır.

Qeyd edək ki, mavi rəngli formaya üstünlük verən “Slima” son mövsümü 3-cü pillədə başa vurub.