“Xəzər Lənkəran” mərhələ adlasa...
24.06.2013 - 23:00
“Xəzər Lənkəran” mərhələ adlasa...
Avropa Liqasının I təsnifat mərhələsində Malta “Slima“sı ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın növbəti rəqibi də bəllidir. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” mərhələ adlasalar, İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.

Cənub təmsilçisinin potensial rəqibi olan hayfalılar üçün 2013-cü il xüsusi əhəmiyyət kəsb edir. 100 illik yubileyini qeyd edən komanda da yaşıl rəngə boyanıb. 12 dəfə İsrail çempionu, 5 dəfə kubokunun qalibi olan “Makkabi” ölkəsində tarixə düşməyi bacarıb. Hayfalılar Çempionlar Liqasının qrupuna düşən ilk İsrail klubudur.

Yubilyarın bütün uğurları son dövrə təsadüf edir. Ötən əsrin 60-cı illərinədək İsrail çempionatının müxtəlif liqaları arasında var-gəl edən “Makkabi” 1962-ci ildə ilk dəfə ölkə kubokunu qazanıb. Bundan sonra daha 20 il qeyri-sabit komanda kimi qalan “yaşıllar” 100 illik tarixinin son 30 ilində uğurlar əldə ediblər. Onlar titul sayında İsraildə yalnız Təl-Əviv “Makkabi”sindən geri qalır. Avrokuboklarda “Xəzər Lənkəran”la qarşılaşan paytaxt futbolçularının 15 çempionluğu və 16 kuboku var.

Son 10 ildə isə “Makkabi” 7-si çempionluq, 2-si kubok olmaqla 9 titul əldə edib. Bundan başqa, tarixi ərzində 2 dəfə Çempionlar Liqası, 4 dəfə Avropa Liqasının qrupunda oynayan hayfalılar hətta “Mançester Yunayted” kimi nəhəngi 3:0 hesabı ilə məğlub etməyi də bacarıblar. Onlar 1 dəfə qrupdan çıxıb, 1/8 finala yüksəlməyə də nail olub. 2009/10 mövsümündə isə qrupu qol vurmamaq antirekordu ilə başa vuran “Makkabi” İsraildə rekord vurdu. Onlar çempionatın 24-cü turundan sonra – sona 11 tur qalmış 1-ci yeri təmin etmişdi.

Hayfa təmsilçisi Azərbaycan klublarına da yaxşı tanışdır. 1999/2000 mövsümündə israillilərlə İntertoto kubokunda qarşılaşan “Qarabağ” səfərdəki 2:1 hesablı qələbə sayəsində futbol tariximizə düşmüşdü. Ağdamlılar evdə 0:1 hesabı ilə yenilsə də, mərhələ adlayan ilk Azərbaycan klubu oldu. Bundan 1 il əvvəl isə Kuboklar kubokunun 1/4 finalınadək irəliləyən israillilər tarixinin ən yaxşı nailiyyətinə imza atmışdı.

İntertoto kubokunu da saysaq 98 dəfə avrokubok oyununa çıxan “Makkabi” “Xəzər Lənkəran”la cavab oyununda 100-ə çatacaq. Bu matçlarda 40 qələbəsi olan hayfalılar 15 heç-heçə edib və 43 dəfə yenilib. 143 top vuran israillilər 139-nu buraxıb.

Arik Benadonun baş məşqçisi olduğu komanda ev oyunlarını “Kiryat Elizer” stadionunda keçirir. Bu arena isə “Neftçi”yə yaxşı tanışdır. Bakılılar ötən il Çempionlar Liqasında Kiryat-Şmonanın “Hapoel” klubuna məhz bu meydanda 0:4 hesabı ilə uduzmuşdu. Bu arena 14002 tamaşaçı tutumuna malikdir.

Komandanın baş məşqçisi Benado da uzun illər “Makkabi”nin şərəfini qoruyub. Futbolçu kimi İsrail yığmasındakı çıxışları ilə də tanınan məşqçi “Qarabağ”la oyunlar zamanı da yaşıl forma geyirdi. Mütəxəssis ötən ilin noyabrında baş məşqçi postuna təyin edilib.