“Bakı”nın şikayət etdiyi futbolçu “Qarabağ”a qarşı
25.06.2013 - 08:55
“Bakı”nın şikayət etdiyi futbolçu “Qarabağ”a qarşı
“Qarabağ”ın Avropa Liqasının növbəti mövsümündə ilk rəqibi olan “Metallurq”un heyətində tanış futbolçu var. Apasport.az saytının məlumatına görə, 2011-ci ildən Skopye klubunun şərəfini qoruyan Svetan Çurlinov Azərbaycana bağlılığı olmuş bir oyunçudur.

Belə ki, 27 yaşlı makedoniyalı hücumçu 2008-ci ildə “Bakı”nın heyətində forma geyib. Ancaq ölkə kubokunu da nəzərə alsaq, cəmi 3 oyunda meydana çıxan Svetan problemli futbolçu kimi yadda qalıb.

Məsələ ondadır ki, “Bakı”da oynadığı zamanı 21 yaşlılardan ibarət yığmasına dəvət olunan Çurlinov bundan istifadə edərək vətəninə yollansa da, geri qayıtmaqdan imtina etdi. Bakılıların legioneri ilə müqaviləsi olduğundan əvvəl Makedoniya Futbol Federasiyasına, ardından UEFA və FİFA-ya şikayət etmişdi. Hücumçu sonradan səhvini başa düşərək, bunu etiraf etmiş və agenti məsələyə qarışmışdı. Nəticədə “Bakı”nın rəhbərliyi ona görə güzəştə gedərək, makedoniyalı ilə müqaviləsini pozmuşdu.

Qeyd edək ki, Svetan “Metallurq”da 40 oyunda 14 qol vurub. Hücumçu Skopye klubu ağdamlılarla 2010-cu ildə turnirdə üzləşdiyi zamanı onun sıralarında olmayıb.