“Postsovet məkanından Amerikaya qədər futbolçu gələcək” - MÜSAHİBƏ
25.06.2013 - 12:05
“Postsovet məkanından Amerikaya qədər futbolçu gələcək” - MÜSAHİBƏ
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Artıq məşqlərə başlayan komandanızın hazırlıq planı barədə nə deyə bilərsiniz?
- Hazırlığın birinci mərhələsini iyulun 8-ə kimi Bakıda keçirəcəyik. Daha sonra Türkiyəyə yollanıb, iyulun 26-na qədər orada qalacağıq. Çempionatın startına bir həftə qalmış Bakıya dönəcəyik. Paytaxtda olduğumuz müddətdə 2-3 yoldaşlıq oyunu keçirməyi planlaşdırmışıq. İyunun 30-da “Rəvan”la, iyulun 6-da isə “Sumqayıt”la oyunlarımız nəzərdə tutulub. Bu istiqamətdə danışıqlar aparılır. Türkiyədə isə 5 yoldaşlıq oyunu keçirəcəyik.

- Orda kimlərlə üzləşəcəyiniz dəqiqləşib?
- Hələ yox. Rəhbərlik bu istiqamətdə işlər görür. Ona görə də indidən nəsə deməkdə çətinlik çəkirəm.

- Yay transfer dövründə heyətin əsas oyunçularını itirdiniz. Xüsusilə də hücum xəttində boşluqlar yaranıb. Onların yerini necə dolduracaqsınız?
- Yerli bazarda fəaliyyətimizi yekunlaşdırmaq üzrəyik. Təxminən 70-80 faiz işimizi bitirmişik. Açıq qalan məsələlər var ki, 1-2 günə onu da həll edəcəyik. Düzgün qeyd etdiniz ki, hücum xəttimizdə əcnəbilər aparıcı rol oynayırdı. Legionerlərin komandadan ayrılmağını nəzərə alsaq, ən azı onların səviyyəsində futbolçular tapmalıyıq. Bakıda olduğumuz müddətdə baxışa xeyli sayda futbolçu gələcək. Oyun modelimizə uyğun oyunçu tapsaq, müqavilə imzalayacağıq.

- Baxışa hansı ölkələrdən futbolçular gələcək?
- Say çoxdu: postsovet ölkələrindən tutmuş Amerikaya qədər... Kamerundan, Nigeriyadan, Belçikadan baxışa dəvət etdiyimiz futbolçular var. Namizdələr çoxdur. Onlara ilk mərhələdə şans veriləcək. İkinci mərhələyə tam heyətlə yola düşməyi planlaşdırırıq.

- Usim Nduka və Viktor İqbekoyinin komandadan ayrılacağı gündəmdə idi. Hər iki futbolçu ilə danışıqlar nə yerdədir?
- İqbekoyi ilə danışıqlarımız yekunlaşıb. O, komandada qalacaq, artıq müqavilə imzalamışıq. Viktor bizimlə Türkiyəyə gedəcək.

- Bəs Nduka?
- Nduka haqda danışmağa ehtiyac yoxdur. Onunla razılığa gələ bilməmişik.

- AZAL-ın yeni mövsümdə iddialı olacağını demişdiniz. Siyasətin birdən-birə dəyişməsi nə ilə bağlıdır?
- Siyasət dəyişsə də, iddia dəyişməyəcək. Çünki komandamızda iddialı rəhbərlik, mütəxəssislər, futbolçular yer alıb. Hər oyuna qələbə qazanmaq üçün çıxacağıq. Nəyə nail olduğumuzu isə sonda görəcəyik. İddiasız yaşamaq, fəaliyyət göstərmək olmaz.

- Qısa vaxt ərzində buna nail ola biləcəksinizmi?
- İmkanımız nə qədər məhdud olsa da, biz çalışacağıq. İlk növbədə komanda şəklində güclü olmalıyıq. Hansısa futbolçuların hesabına nəticə qazanmaqdansa, kollektiv şəkildə güclü olmağımız daha yaxşıdır.

- Çempionlar Liqasının və Avropa Liqasının püşkü ilə klublarımızın rəqibləri müəyyənləşib. Təcrübəli mütəxəssis kimi sizin də fikirlərini bilmək maraqlı olardı..
- Təbii ki, hamımız təmsilçilərimizin ilk mərhələni adlayacağını gözləyirik. Digər yandan məsləhət görərdim ki, rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Bu gün Avropada zəif rəqib yoxdur. Lüksemburqla oyunda bu, bir daha sübut olundu. Klublarımızın bunu dərk etdiyini və oyunlara ciddi hazırlaşdığını düşünürəm. İnanıram ki, iştirakçılarımızın dördü də mərhələ adlayıb, güclü olduqlarını sübut edəcəklər.

- Sizcə, hanskı komandamızın qismətinə daha güclü rəqib düşdü?
- Makedoniya və Finlandiya klubları zəif ola bilməzlər. Hər bir komandaya qarşı ciddi hazırlaşmalıyıq. Ayrıseçkilik etmək olmaz.

- “Neftçi” ötən il Avropa Liqasında qrup mərhələsinə düşməklə yeni hədəflər müəyyənləşdirdi. Klublarımızın növbəti mərhələdəki rəqibləri də təxminən bilinir. Necə düşünürsüz, rəqiblərə diqqət yetirsək, qrup mərhələsinə düşmək şansımız varmı?
- Növbəti mərhələdə Norveç, İsrail kimi ölkələrin təmsilçiləri ilə üzləşəcəyik. Onları da keçmək olar. “Neftçi” ötən il qrup mərhələdə oynayıbsa, artıq prioritetlər müəyyənləşib və klublarımız buna nail olmalıdırlar. “Neftçi”nin qrup mərhələsində oynamağı futbolumuzun inkişafının sübutudur. İnanıram ki, komandaların birinci və ikinci mərhələni keçəcəklər.