“Xəzər Lənkəran”ı narazı salan maddədə nə yazılıb?
25.06.2013 - 16:07
“Xəzər Lənkəran”ı narazı salan maddədə nə yazılıb?
UEFA “Qarabağ” və “Xəzər Lənkəran” klublarının Avropa Liqasının I təsnifat mərhələsindəki ilk görüşlərinin vaxtında dəyişiklik etdi. Apasport.az saytının məlumatına görə, iyulun 4-də səfərdə keçirilməli olan qarşılaşmalar 2 gün öncəyə salındı.

Bu dəyişiklik UEFA Avropa Liqasının Əsasnaməsinin 12.08 maddəsinə (Oyunun tarixinin və vaxtının dəyişdirilməsi) əsasən qəbul olunub. Bəs görəsən, bu dəyişiklik nədən qaynaqlanır?

“Apasport” kiçik araşdırma apararaq bu qənaətə gəlib ki, dəyişikliklər “Metallurq” və “Slima Uonderers”in təmsil etdiyi ölkələrlə bağlıdır.

Belə ki, oyunların günündə dəyişiklik olunmasaydı, iyulun 4-də Makedoniyanın 3 komandası eyni gündə evdə oynamalı idi. Belə ki, “Metallurq” – “Qarabağ” matçından başqa, “Teteks” – “Pünik” və “Turnovo” – “Suduva” görüşləri Makedoniyada keçirilməli idi.

“Turnovo” ev oyunlarını paytaxt Skopyedə keçirdiyindən, 2 komandadan birinin oyununda dəyişiklik edilməsi qaçılmaz olub. “Turnovo” – “Suduva” cütünün ilk oyununun Litvada keçirilməsi variantı mümkün olsa da, bu ölkənin klubları - “Jalgiris”lə “Kruoya” iyulun 4-də evdə oynayacaq deyə, matçın Pribaltikaya keçirilməməyi qərara alınıb. Bu səbəbdən ən yaxşı hal kimi “Metallurq” “Qarabağ”ı iyulun 2-də qəbul etməli olub.

Maltada isə həmin gün “Slima Uonderers”dən başqa, “Hibernians” evdə “Voyvodina”nı qəbul etməlidir. Ancaq cırtdan ölkənin təmsilçilərinin stadionları UEFA standartlarına cavab vermədiyindən, avrokuboklar zamanı ev oyunlarını Ta Kali şəhərində keçirməli olur. Malta millisinin çıxış etdiyi 18 minlik stadionda eyni gündə 2 komanda çıxış edə bilməzdi. Bu üzdən bir komandanın oyunu başqa günə keçirilib. Malta çempionatının turnir cədvəlində “Xəzər Lənkəran”ın rəqibi “Hibernians”dan bir pillə aşağı bitirdiyi üçün məhz “Slima Uonderers”ə güzəşt olunmayıb.

Eyni hal “İnter”də də baş tutub. Bürünc mükafatçı olduğu, “Xəzər Lənkəran” isə kubokun finalçısı kimi qatıldığı üçün məhz “bankirlər”in oyunu məcburiyyətdən dəyişdirilmişdi.