Tuyqun Nadirov: UEFA-nın qərarı anormallıqdı
25.06.2013 - 17:38
Tuyqun Nadirov: UEFA-nın qərarı anormallıqdı
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- Avropa Liqasında püşkün nəticəsini necə dəyərləndirərdiniz?
- Bu, bir şansdı. Bilirsiniz ki, komandamızın son illər püşkdə bəxti gətirmirdi. Bizə Zaqrebin “Dinamo”, Təl-Əvivin “Makkabi” klubu rəqib olmuşdu. İndi şükür Allaha, belə deyil və bəxtdən şikayətlənməyə haqqımız yoxdur. Çünki rəqibimiz olan Malta “Slima”sı “Xəzər Lənkəran”ın bacara, qalib gələ biləcəyi bir komandadı. Ancaq bununla belə, hazırlaşmaq lazımdır.

- UEFA-nın qərarı ilə ilk oyunun vaxtının 2 gün əvvələ keçirilməyini necə qarşıladınız?
- Təbii ki, bu, anormallıqdı. Ümumiyyətlə, son vaxtlar UEFA-nın qeyri-normal, məsuliyyətsiz qərarlar qəbul etməsi müşahidə olunur. Onlar stadionda eyni gündə 2 oyunun olmasını nəzərə alıb. Ancaq bu, bizim problem deyil ki... Qayda-qanun, Əsasnamə var. UEFA dəyişikliyi onunla əsaslandırır ki, matçın keçiriləcəyi stadionda digər komandaların da görüşü var. Birincisi, lisenziya alıb UEFA-da çıxış edən komanda zəhmət çəkib 1 yox, 2 stadion göstərir. Bu tələblər Avropa miqyaslı turnirlərdə çıxış edən bütün komandalara aiddir. Bütün komandalar bunu yerinə yetirməyə borcludur. Əgər həmin stadionda alınmırsa, alternativ arena göstərməlidir. İkincisi, addım atmamışdan qabaq ən azından nəzərə alınmalı idi ki, hər hansı bir komanda Avropa oyununa hazırlaşanda, buna uyğun hazırlıq planını qurur. Bura yoldaşlıq görüşləri, otellə bağlı imzalanan müqavilələr daxildir. Bu kimi təşkilati məsələlər 1 yox, 15-20 gün əvvəldən qurulur. Təbii ki, belə məsuliyyətsiz addımın atılmağı UEFA kimi təşkilata başucalığı gətirmir.

- Deməli, komandanız həm də uyğunlaşmaq üçün Maltaya daha tez, özü də yoxlama oyunları keçirmədən yollanmalıdır...
- Bu, baş məşqçi ilə müzakirə olunacaq. UEFA-nın məktubu bu səhər bizə daxil olandan bəri demək olar Con Toşakla təşkilati məsələləri aydınlaşdırırıq. Bura komandanın çarter reysi, bilet və otelindən tutmuş hər bir şey daxildir. Hamısı bir-birinə bağlı məsələlərdir.

- Sizcə, oyunun vaxtının 2 gün qabağa çəkilməyi nəticəyə təsir göstərə bilərmi?
- Yox, nə təsir göstərəcək? Söhbət bundan yox, komandalara hörmətsizlikdən gedir. Düzdür, onlar UEFA Avropa Liqasının 2013/14 mövsümünün Əsasnaməsinin 12.08 - Oyunun tarixinin və vaxtının dəyişdirilməsi - maddəsinə əsasən qəbul ediblər. Buna görə UEFA istənilən vaxt əsaslandırılmış şəkildə tarixləri dəyişə bilər. Ancaq bu, matçın 2 gün əvvələ keçirilməyi üçün əsas sayıla bilməz. Çünki hər bir klub hələ lisenziya müddəti bitən zamanı bir neçə stadionu sifariş vərəqəsinə əlavə etməyə borcludur. Buna əsasən hər hansı birində problem çıxanda, digərində oynaya bilsin. Ancaq burada onu bəhanə edib, oyunun tarixini dəyişmək komandaya maddi ziyan da dəyir.

- İndi elə alındı ki, “Slima” ilə ilk oyununuzla cavab matçı arasında 7 yox, 9 gün var. Bundan istifadə edib, Maltada daha çox, oyundan sonra da qalmaq variantı var?
- Komanda orda hardasa 6 gün qalmağı planlaşdırır. Bu, ümumi vaxtdır. Ola bilər ki, ordan birbaşa Almaniyaya qayıtsın. Bu, durumdan asılı olacaq.

- Növbəti mərhələyə çıxacağınız halda, yenə İsrail “Makkabi”si ilə düşmüsünüz. Ancaq bu dəfə şəhər fərqlidir: Təl-Əviv yox, Hayfa...
- Allah qoysa, gəlin, Malta komandasına qalib gələk, sonra danışarıq. Komandamızda bütün zədəli futbolçular əsas heyətə qayıdıblar. Baş məşqçimizin istəyi ilə bir neçə yeni oyunçular dəvət edilib. Onlar hazırlıqda iştirak etməklə, komandamıza güc qatıblar. Bu gün istər Malta, istərsə də İsraildən olan rəqibinə qalib gəlmək iqtidarında olan bir komandamız var. Həm də gözəl bir əhval-ruhiyyə var. İnşallah, elə bilirəm ki, komandamız bu rəqiblərin hər ikisinə qalib gələcək.

- Komandanıza daha bir futbolçu, legionerin transfer edilməyi yönündə işlər gedir?
- Onsuz da baş məşqçi axtarışdadır. Ola bilər ki, 2-3 futbolçu gəlsin. Baş məşqçimiz siyahıda kimləri görmək istəyirdi, onlar artıq komandadır. Toşakın istədiyi transferlərin 99 faizini etmişik. O, əlavə hansı mövqeləri gücləndirmək istəsə və buna real namizədləri olacaqsa, bizə onlarla danışıqlar aparıb müqavilə bağlamaq qalacaq.

- Braziliyalı Duqlas Leyte ilə müqavilə bağlayacağınız halda, 2 legioner qapıçınız olacaq. Ola bilərmi ki, qışda gətirilən ispaniyalı Toni Doblasla yollarınızı ayırasınız?
- İndidən demək olmaz ki, kimsə qalacaq, kimsə gedəcək. Mən onu deyə bilərəm ki, komandamız bu heyətlə Avropa Liqasına gedir. Artıq UEFA-ya sifariş vərəqəsini göndərmişik. Ancaq yaxın gələcəkdə baş məşqçi hansısa bir futbolunu heyətə qatıb, mövqeyi boşaltmaq istəsə, bu, gerçəkləşəcək. Bu, “transfer pəncərəsi” bağlanana kimi baş məşqçinin səlahiyyətində olan bir məsələdir.

Mehman SÜLEYMANOV