Əziz Yıldırım vəzifəsindən uzaqlaşdırıldı
25.06.2013 - 21:00
Əziz Yıldırım vəzifəsindən uzaqlaşdırıldı
UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı araşdırmalarını tamamladıqdan sonra “Fənərbaxça” və “Beşiktaş”la bağlı dosyeləri ali futbol qurumunun cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərmişdi. Apasport.az saytının məlumatına görə, bununla bağlı “sarı bülbüllər” UEFA-dan gələcək xəbəri gözlədiyi bir anda daha üzücü xəbərlə üzləşib.

Belə ki. 5-ci Asliye Məhkəməsi “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım və klubun idarə heyətinin 2 üzvü - Şekip Mosturoğlu ilə İlhan Ekşioğlu barəsində müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırma qərarını çıxarıb. Lakin bununla əlaqədar olaraq, klub rəsmilərindən hələ ki heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı qalmaqal 2 il əvvəl baş verib. “Fənərbaxça” prezidenti Əziz Yıldırım da daxil olmaqla, bir çox klub rəhbəri, menecerlər və futbolçular həbs edilib. Məhkəmə onları müxtəlif müddətə azadlıqdan məhrum etsə də, bu şəxslər 1 il həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.