“Fənərbaxça” avrokuboklardan kənarlaşdırıldı
25.06.2013 - 21:36
“Fənərbaxça” avrokuboklardan kənarlaşdırıldı
UEFA Nizam-İntizam Komitəsi “Beşiktaş”ın ardından “Fənərbaxça” haqda sərt qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu İstanbulun digər klubunu da avrokuboklardan uzaqlaşdırıb.

Belə ki, Nizam-İntizam Komitəsi “qara qartallar”ı 1 il müddətinə cəzalandırmışdırsa, “Fənərbaxça”ya daha çox - “2+1” sxemi ilə avrokubok oyunlarından kənarlaşdırıb.

Bununla bağlı “sarı bülbüllər” Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. CAS etirazları araşdırdıqdan sonra ən gec iyulun 15-nə qədər qərar verəcək.

Qeyd edək ki, daha əvvəl UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı araşdırmalarını tamamladıqdan sonra “Fənərbaxça” və “Beşiktaş”la bağlı dosyeləri ali futbol qurumunun cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərmişdi.

UEFA müfəttişi Migel Palasios “Fənər”in növbəti 2 mövsüm Avropa Kuboklarında uzaqlaşdırmasını, klub prezidenti Əziz Yıldırım, Şekip Mosturoğlu, İlhan Ekşioğlu, Əli Yıldırım və Cəmil Turanın isə cəzalanmasını tələb etmişdi.