Bəxtiyar Soltanov: Hesabın bu cür olacağını gözləmirdik
03.07.2013 - 15:42
Bəxtiyar Soltanov: Hesabın bu cür olacağını gözləmirdik
“Oyuna yaxşı başladıq. Birinci hissədə üstünlük bizdə idi. Bu üstünlükdən istifadə edib, qollar vurduq”. Bunu apasport.az saytına hərbçilərdən ibarət Azərbaycan yığmasının formasını geyinən Bəxtiyar Soltanov deyib.

Dünən start götürən Hərbçilərin I dünya kubokunda Azərbaycan millisi ilk oyununu keçirib. Nazim Süleymanovun çalışdırdığı komanda Mali üzərində 4:0 hesablı qələbə qazanıb.

Oyun haqda danışan Soltanov qələbə ilə başlamağın vacibliyini qabardıb: “Yaxşı oyun nümayiş etdirdik. Bizi 90 dəqiqə dəstəkləyən azarkeşlərimizə də təşəkkürümüzü bildiririk. Bu cür yarışlara qələbə ilə başlamaq vacibdir. Biz də bunun öhdəsindən gəldik”.

Hesabın böyük olacağını gözləməyən futbolçu əzmkarlıq nümayiş etdirdiklərini deyib: “Açığı, gözləmirdim. Ancaq alındı. Uşaqlar zəhmət çəkdilər. Onlara da əzmkar oyuna görə təşəkkür edirəm. Əsas odur ki, biz qələbə qazanacağımıza inanırdıq”.