Con Toşak: Günah futbolçularda yox, məndədi
04.07.2013 - 11:59
Con Toşak: Günah futbolçularda yox, məndədi
“Bizim üçün çətin oyun oldu. Matçın vaxtının 2 gün əvvələ çəkilməyindən başlayaraq meydanın süni örtüklü olmağı havanın həddən artıq isti keçməyi futbolçulara bacarıqlarını göstərməyə imkan vermədi”. Bu fikirləri apasport.az saytının Maltaya ezam olunmuş əməkdaşına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib. Avropa Liqasının I təsnifat mərhələsindən Maltanın “Slima” klubu ilə səfər oyununu dəyərləndirən təcrübəli uelsli mütəxəssis uğursuz nəticənin səbəblərini göstərib.

Belə ki, oyundan sonra mətbuat konfransı keçirilmədiyindən, Toşakın matç haqda fikirləri getməmişdi. Apasport.az-ın əməkdaşına özü yaxınlaşan 64 yaşlı çalışdırıcı Maltadakı matçla bağlı düşüncələrini bölüşməklə, azərbaycanlı futbolsevərlərin bunu bilməyini istədi.

Toşakın fikrincə, 1:1 hesabı ilə yekunlaşan oyunda bir sıra amillər öz mənfi təsirini göstərib: “Rəqib isə doğma meydanda oynadığından əzmlə mübarizə aparırdı. Ola bilsin ki, bəzi səhvlərə yol verdim. Amma futbolçular həmin şəraitdə mümkün olan, əlləri gələn hər şeyi etməyə çalışdılar. Nəticəyə görə günah futbolçularda yox, məndədi”.