Cavid Hüseynov: Bu, təvazökarlıqdan uzaq olar – MÜSAHİBƏ
04.07.2013 - 13:21
Cavid Hüseynov: Bu, təvazökarlıqdan uzaq olar – MÜSAHİBƏ
Azərbaycanın hərbçilərdən ibarət yığma komandasının futbolçusu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- İlk oyunda Malini böyük hesabla məğlub etdiniz. Halbuki hazırlıq zamanı müəyyən problemlərin olduğunu nəzərə alsaq, qələbəni nə ilə izah edə bilərsiniz?
- İlk oyun idi, rəqiblərimizi tanımırdıq. Həm də bu cür yarışlarda startdan çox şey asılı idi. Həm özümüzü, həm də rəqibi tanımaq imkanı qazandıq. Çünki özümüz də ayrı-ayrı klublardan yığışmışıq. Bir-birimizi başa düşmək baxımından oyun vacib idi. Çünki xətlər arasında problemlər ola bilərdi. Ümumi götürdükdə, pis alınmadı.

- Növbəti mərhələyə çıxmaq baxımından qələbənin əhəmiyyəti artıbmı?
- Bu qələbə hələ heç nə demək deyil. Qrupda daha iki oyunumuz var. İraq və Kanada ilə üzləşəcəyik. Fikrimcə, hər iki rəqibimiz Malidən daha güclüdür. Əsas gücümüzü həmin oyunda göstərməliyik. Ancaq qələbə sayəsində üstünlük əldə etmişik.

- Öz oyununuz istədiyiniz kimi alındımı?
- İstirahətdən sonra fiziki formanı bərpa etmək iradə tələb edir. Çox çətin oldu. Çalışırıq ki, maksimum dərəcədə hazır olaq. Oyunum necə alındığını mən yox, məşqçilər korpusu və azarkeşlər deyə bilər. Özüm öz oyunuma qiymət versəm, bu, təvazökarlıqdan uzaq olar.

- Hesabın bu cür olacağı gözlənilməz olmadı?
- Vacib olan qələbə qazanmaq idi. Hesabın böyük və ya kiçik olması bunun ikinci tərəfidir. Təbii ki, böyük hesablı nəticə qeydə alınan zaman çoxlu qollar vurulur. Futbolun gözəlliyi də vurulan qollardır.

- Bu gün yığmamızı dəstəkləmək üçün xeyli sayda azarkeş toplaşmışdı. Onların dəstəyi hiss olundumu?
- Azarkeşlər əsgərlərimiz idi. İlk dəfə idi ki, bu qədər əsgər qarşısında çıxış edirdik. Bizi sona qədər dəstəklədilər. Onlar əllərindən gələni etdilər ki, biz uğur qazanaq. Hər birinə təşəkkür edirəm.

- “Bakı” ilə bağlı nə deyə bilərsiniz? Artıq yeni baş məşqçi Milinko Pantiç ictimaiyyətə təqdim olundu...
- Hələ yeni baş məşqçi ilə görüşümüz, söhbətimiz olmayıb. Çünki istirahətdən sonra yığmanın düşərgəsinə gəlmişik. Tam istirahət də edə bilməmişik. Çünki bura dəvət edildik. Klubla hələ ki heç bir əlaqəmiz yoxdur. Elə odur ki, gündə iki məşq keçdiyimizdən kluba gedə bilmirdik. Yəqin ki, yaxın günlərdə əlaqə saxlayacağıq.