Finlandiya səfərlərimizin şahidi
04.07.2013 - 16:00
Finlandiya səfərlərimizin şahidi
Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına hakim-inspektorların təyinatı maraqlı hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, “İnter”in Finlandiyada “Mariehamn”la görüşündə lüksemburqlu Alan Hamer hakimlərin işinə qiymət verəcək.

Dünya futbolu tarixinin 100 ən ayxşı hakimi sırasına da düşən sabiq FİFA referisi isə Azərbaycan futbolçuları üçün tanış simadır. İndiyədək 5 dəfə əsas yığmamızın qarşılaşmalarında fit çalan Hamer 2 dəfə Bakıya gəlib. 1995-ci ildə Slovakiya, 2004-cü Ingiltərə ilə ev oyunumuzu idarə edən lüksemburqlu 3 dəfə səfər görüşlərimizin baş hakimi olub.

Ən maraqlısı da budur ki, Hamerin idarə etdiyi səfər oyunlarımızın hamısı Finlandiyada olub. Yığmamızın bu ölkəyə ilk 3 səfəri zamanı baş hakim olan lüksemburqlu 2 dəfə 0:3, 1 dəfə 1:2 hesablı məğlubiyyətimizi qeydə alıb. Finlərlə yığmamızın yalnız son səfər oyununda – 2008-ci ildə artıq hakimlik karyerasının sonlarında olan Hamer deyil, başqası təyinat almışdı.

Sonuncu dəfə 2007-ci ildə Finlandiya – Azərbaycan oyununda iş başında olan lüksemburqlu bu dəfə “Mariehamn” – “İnter” oyununa təyinat alıb. Bu, 2 ölkə təmsilçilərinin Hamerin iştirakı ilə 4-cü Finlandiya dueli olacaq.