“Oyunumuzdan razı qalmasam da, əsas mərhələ adlamağımız idi”
26.07.2013 - 11:21
“Oyunumuzdan razı qalmasam da, əsas mərhələ adlamağımız idi”
“Norveçdəki oyundan fərqli matç olmadı. Yenə üstünlük komandanızın tərəfində idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Tromse” klubunun baş məşqçisi Aqnar Kristensen deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “İnter”in qonağı olan Norveç təmsilçisi minimal hesabla məğlub olsa da, mərhələ adlamağı bacarıb. Belə ki, öz meydanında iki top fərqi ilə qələbə qazanan skandinaviyalılar mübarizəni davam etdirmək hüququ əldə edib.

Ancaq mütəxəssis komandasının oyunundan razı qalmayıb: “İnter” topa nəzarət etdiyindən, müdafiəyə diqqət yetirməli olduq. Bu üzdən də oyunu müdafiədən qurduq və əks-hücumlarda rəqibi yaxalamağa çalışdıq. Etiraf edim ki, əks-hücumlarda istənilən oyunu nümayiş etdirə bilmədik. Ancaq vacib olan mərhələ adlamaq idi ki, bunu da bacardıq. Buna görə futbolçularıma təşəkkür edirəm”.