“Bunu bəraət qazanmaq üçün demirəm”
26.07.2013 - 11:47
“Bunu bəraət qazanmaq üçün demirəm”
“Birinci oyundan sonra demişdim ki, “Tromse” bizdən güclü komanda deyil. Ola bilsin, bu fikrimi kimlərsə ciddi qəbul etməyiblər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Ötən il olduğu kimi mübarizəni Avropa Liqasının II mərhələsində dayandıran paytaxt təmsilçisi yarışı major notda bitirib. Belə ki, səfərdə 0:2 hesabı ilə yenilən “bankirlər” “Bayıl Arena”da baş tutan görüşdə rəqib üzərində qələbə qazanmağı bacarıb – 1:0.

Baş məşqçi ən azı azarkeşlərin oyundan zövq alması ilə təsəlli tapdıqlarını deyib: “Ümid edirəm ki, yaxşı oyun izlədiniz. Səfərdə 0:2 hesabı ilə məğlub olduqdan sonra uşaqlarda psixoloji gərginlik var idi. Onlar bu hesabın əvəzini çıxacağımıza inanmırdılar. Bu da problem yaratmışdı. Bəli, oyun zamanı qol epizodları yaratdıq. Təəssüf ki, onların hamısını realizə edə bilmədik. Əksər hallarda tələskənliyə yol verirdik. Bunu bəraət qazanmaq üçün demirəm. Biz II mərhələni adlamalı idik. Potensialımız buna imkan verirdi”.