Con Toşak: İstefa qərarımda qəti olsam da, rəhbərlik qalmağımı istədi
26.07.2013 - 13:51
Con Toşak: İstefa qərarımda qəti olsam da, rəhbərlik qalmağımı istədi
“Dünən “Makkabi” önündə aldığımız acı məğlubiyyətdən sonra bir çox məsələlərə aydınlıq gətirmək istərdim. Təbii ki,nəticəyə görə məsuliyyəti həmişə baş məşqçi daşıyır. Dunən oyunsonrası mətbuat konfransında da bunu bir daha söylədim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak klubunun rəsmi saytına açıqlamasında deyib.

Avropa Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”sinə Lənkəranda 0:8 hesabı ilə uduzduğu oyunda baş verənlərə aydınlıq gətirən uelsli mütəxəssis matçdan dərhal sonra klub rəhbərliyinə istefa vermək istədiyimi bildirdiyini açıqlayıb: “Qərarımda da qəti idim. Amma rəhbərlik məndən işimdə qalmağı və tez-tez məşqçi dəyişiliklərinə səbəb olan bəzi futbolçuları “Xəzər Lənkəran”dan təmizləməyimi istədilər. Dünya futbolunda özümə görə nüfuzu olan məşqçiyəm. Karyeram boyu bir çox tanınmış futbolçular tabeçiliyim altında gözəl oyunu ilə yanaşı, ulduz olaraq özlərini də, məni də məşhur ediblər, adımızı dünyaya tanıdıblar. Bir çox titullar, nailiyyətlər qazanmışam. Birdən birə necə oldu ki, pis məşqçiyə çevrildim?! İndi burada görürəm ki, əksinə “Xəzər Lənkəran”lı futbolçulardan bəziləri baş məşqçiləri qovmaq planı üzrə peşəkarlaşıblar. Ona görə də belələri bizimlə qalmayacaq”.

Legionerlərin yerli oyunçulara da örnək olmalığının vacibliyini bildirən Toşakın sözlərinə görə, onlar gəlib burada həm yaxşı pul qazanır, krallar kimi bahalı otellərdə qalır, amma oyuna gəldikdə istəniləni vermirlər: “Bununla yanaşı, belələri aşağı yaş qrupunda çıxış edən potensiallı futbolçuların da qarşısını alır. Heyətdə bir neçə lənkəranlı futbolçu var ki, mənə görə onlar “Makkabi” ilə matçda meydanda olsa idilər bir çox əcnəbi futbolçulardan heç də pis təsir bağışlamazdılar, bəlkə də daha əzmkar mübarizə aparacaqdılar. Bu gün heyətdən uzaqlaşdırdığımız futbolçulara qərarımı söyləyəndə onlar bunu çox rahatlıqla qarşıladılar. Hətta onlar haqqında verilən qərarın səbəbini belə soruşmadılar. Sanki heç veclərinə də deyil. Bu, belə olmaz. Lənkərana gələn hər bir futbolçu böyük bir camiəyə, xüsusi bir ailəyə gəldiyinin fərqində olmalıdır”.

64 yaşlı çalışdırıcı məğlubiyyətdə müəyyən qədər günahın çoxunun özündə olduğunu söyləyib: “Futbolçularıma qarşı həmişə xoş rəftar bəslədim. Amma bir çoxları mənim onlara olan münasibətimdən sui-istifadə etdi . Artıq hər şey fərqli olacaq. Bundan sonra da nizam-intizam qaydalarını pozan, ustalıq səviyyəsi bizi qane etməyən futbolçular komandadan dərhal göndəriləcək”.