“Bir mərhələ adlamağı uğur saymaq olmaz” – MÜSAHİBƏ
26.07.2013 - 15:07
“Bir mərhələ adlamağı uğur saymaq olmaz” – MÜSAHİBƏ
“İnter”in futbolçusu Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi


- Avropa Liqasında komandanızdan üstün olan “Tromse”nin bu cür müqavimət göstərəcəyini gözləyirdinizmi?
- Oyun həqiqətən də gərgin keçdi. Səfərdə 0:2 hesabı ilə məğlub olmağımız bizi ilk dəqiqələrdən hücum etməyə məcbur edirdi. Doğma meydanda nəyin bahasına olsa da, qələbə qazanmaq istəyirdik. Düzdür, qələbə qazandıq. Ancaq bu qolu birinci hissədə vurmalı idik. Erkən qol vurmaq istəyirdiksə, bunu tez etməli idik ki, ikinci qol üçün zamanımız qalsın. Həm də birinci qolu erkən vursaydıq, rəqib bu qədər müdafiəyə qapılmayacaqdı. Təəssüf ki, alınmadı. Qələbə qazansaq da, mübarizəni dayandırmalı olduq.

- Birinci hissədə bu istəyinizi niyə reallaşdıra bilmədiniz?
- Oyuna yaxşı başlamışdıq. Ardıcıl hücumlar qururduq. Sadəcə, lazımi nəticəni qazana bilmirdik. Yəqin razılaşarsınız ki, təhlükəli epizodlarımız yetərincə oldu. Yenə hər zamankı kimi həmin şansları reallaşdıra bilmədik. Bu cür oyunlarda əldə etdiyin qol epizodunu dəyərləndirməlisən. Yoxsa rəqib bundan istifadə edəcək. Biz ilk dəqiqələrdən hücumlar etsək də, qol vura bilmədik. Daha doğrusu, hesabı oyunun başa çatmasına az vaxt qalmış vurduq.

- Cərimə meydançasına əksər hallarda topu hava ilə göndərirdiniz. Rəqibin müdafiəsində isə hündürboylu futbolçular yer aldığından, onlar topu uzaqlaşdırmaqda çətinlik çəkmirdi. Belə olan təqdirdə, qısa və sürətli ötürmələrdən istifadə etmək olmazdı?
- Razıyam ki, rəqib müdafiəsində hündürboylu oyunçular yer almışdı. Ancaq onların arxasında da boş zonalar var idi və bizi topu ora atmalı idik. Baş məşqçimiz də oyundan əvvəl bizə bu tapşırığı vermişdi. Biz həmin zonaya topu ötürən zaman hücumçularımız da ora açılmalı idilər. Yerlə ötürmələrdən də istifadə edirdik. Oyunu yalnız hava ötürmələri üzərində qurmamışdıq. Minimal hesabla qələbə qazansaq da, təəssüf ki, mərhələ adlaya bilmədik.

- “İnter”in neçə illərdir əsas problemi “vuran ayağın” olmamağı ilə bağlıdır. Yenə aşkar görünür ki, komandaya sürətli və qol duyumu yüksək olan hücumçu lazımdır. “Tromse” ilə oyunda bunun rol oynadığını düşünürsünüzmü?
- Nə deyim? Hamı elə fikirləşir. Amma bu baş məşqçinin səlahiyyətində olan məsələdir. Hər şey ondan asılıdır. İstəsə, ehtiyac duyarsa, heyətə yeni futbolçular cəlb edəcək.

- Səfərdə qol vura bilməməyinizin həlledici amil olması ilə razılaşırsınızmı?
- Səfərdə bundan da çox qol epizodlarımız olmuşdu. Onlardan birini vura bilsəydik, bu gün mərhələ adlayacaqdıq. Ancaq heç birindən istifadə edə bilmədik. Həmin görüşdə də oyuna diqtə edən tərəf biz idik.

- “İnter” üçün avrokuboklar başa çatdı. Mövsümü necə dəyərləndirərdiniz?
- “Tromse”ni nəyin bahasına olursa-olsun, keçməli idik. Çünki rəqib bizdən heç də güclü deyildi. Bunu azarkeşlərimiz də gördü. Onlardan üstün oynadıq. Bir mərhələ adladıq. Bu gün futbolumuz üçün bir mərhələ adlamağı uğur saymaq olmaz. Biz ikinci mərhələni də keçməli idik. Bunun üçün çalışdıq, amma bacarmadıq. Bundan sonra bütün diqqətimizi çempionat oyunlarına yönəldəcəyik.