“Qapımıza vurulan ilk qol mənim ucbatımdan oldu”
26.07.2013 - 17:02
“Qapımıza vurulan ilk qol mənim ucbatımdan oldu”
“Qarabağ”la qarşılaşmada canımızı qoyduq. Lakin çox təəssüflər olsun ki, mərhələ adlamağı bacarmadıq” Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Pyast” klubunun futbolçusu Çaba Horvat deyib.

32 yaşlı mərkəz müdafiəçisi Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundakı nəticədən (2:2) narazı qalıb.

Slovakiyalı legioner ilk qolda kobud səhvinin olduğunu etiraf edib: “Qapımıza vurulan ilk qol mənim ucbatımdan oldu. Düzdür, bu qoldan sonra oyunda dönüş yarada bildik. Hətta 2 qol vurub ümumi hesabda tarazlığa da nail olduq. Lakin bütün bunlara o qədər güc sərf etdik ki, əlavə vaxtda bizə çətin oldu. 2:2 hesabını uğursuzluq kimi dəyərləndirirəm. Çünki bu heç-heçə bizə heç nə vermirdi. Yalnız qələbə və mərhələ adlamağı düşünürdüm. “Qarabağ”ın əlavə vaxtda vurduğu bərabərlik qolundan sonra isə mübarizə aparmaq mənasız görünürdü. Sonadək döyüşməli olsaq da ümidimiz qırılmışdı. Matçı penaltilər seriyasınadək daşısaydıq, nəticə də fərqli olacaqdı”

Qeyd edək ki, ilk oyunda 2:1 hesabı ilə qalib gələn “Qarabağ” səfər matçının əlavə vaxtında vurduğu bərabərlik qolu ilə mərhələ adlayıb.