Nazim Süleymanov: 0:8 hesabı ilə uduzmaq... - MÜSAHİBƏ
26.07.2013 - 16:51
Nazim Süleymanov: 0:8 hesabı ilə uduzmaq... - MÜSAHİBƏ
Azərbaycan millisinin məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi

- “Neftçi”nin baş məşqçi postuna namizəd olmağınızla bağlı xəbərləri necə qarşıladınız?
- Namizəd olmağımla bağlı həqiqətən də hansısa məlumata malik deyiləm. Mən bunu sizdən eşidirəm. Hazırda Rusiyada, Soçi şəhərində istirahətdəyəm. Avqustun 8 və ya 9-da Bakıya qayıdacağam.

- Klub rəhbərliyindən ala biləcəyiniz təklifi qəbul etməyi düşünürsünüz?
- Əgər təklif yoxdursa, bu haqda danışmağa dəyərmi?

- AFFA rəhbərliyi millinin baş məşqçisi Berti Foqtsa alternativ namizədlərin siyahısını hazırlayacağını və orada yerli mütəxəssislərin ola biləcəyini açıqlayıb. Almaniyalının gedişindən sonra yığmanın baş məşqçisi olmaq perspektivinə necə baxırsınız?
- (gülür) Ona qalsa, mənim də müqaviləm cari seçmə mərhələnin sonunda bitir. Milli komandaya baş məşqçi məsələsini AFFA rəhbərliyi həll edir.

- Avropa miqyaslı turnirlərdə çıxış edən klublarımızdan hansının nəticəsi sizin üçün daha gözlənilməz oldu?
- Əlbəttə, daha çox klubumuzun mərhələ adlayacağını inanırdıq. Ancaq fikirləşmirdik ki, 1 təmsilçimiz qalacaq. “Neftçi”nin Albaniya klubuna uduzmağı mənim üçün də gözlənilməz oldu. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə düşmüş komandanın bu dəfə Çempionlar Liqasında uğurlu çıxış edəcəyinə inamımız böyük idi. Ancaq futbolda uğursuzluqlar da olur. Hər bir nəticəyə hazır olmaq lazımdır.

- İlk baş məşqçisi olduğunuz “Xəzər Lənkəran”ın Lənkəranda 0:8 hesabı ilə uduzmağına necə şərh verərdiniz?
- Təbii ki, bu nəticəni heç kim gözləmirdi. Komanda qrup mərhələsinə düşməyi hədəfə almışdı. Düzdür, “Makkabi” çox güclüdü. Sadəcə, lənkəranlıların ilk oyunda səfərdə 0:2 hesabı ilə uduzduqdan sonra evdə belə məğlubiyyətlə üzləşəcəyinə inanmazdıq. Ancaq futbolda belə deyim var ki, 1 dəfə 0:8 hesabı ilə uduzmaq 8 dəfə 0:1 hesabı ilə uduzmaqdan yaxşıdır.

- Belə məğlubiyyətin əsas səbəbi nə ola bilər?
- Bilirsiniz, bunu bilmək üçün gərək komandanın içində olasan. İçində olmadığımdan bir şey deyə bilmərəm.

- Sizcə, “Qarabağ” daha 2 mərhələ keçib, qrup mərhələsinə düşə biləcəkmi?
- Niyə də yox? Bu komanda evdə Polşa klubuna 0:1 hesabı ilə uduzsa da, özündə güc toplayaraq, 2 qol vurub qalib gələ bildi. “Qarabağ” həmin əzmkarlığı səfərdə də göstərdi. Əlavə vaxtda hesabı bərabərləşdirib, mərhələ adladı. Komandamızın qrupa düşməyi niyə də olmasın? Bunu təkcə “Qarabağ”, baş məşqçisi Qurban Qurbanov yox, hamımız istəməliyik.