Legionerlərimizin sabiq baş məşqçisi komanda rəhbərliyindən inciyib
26.07.2013 - 19:44
Legionerlərimizin sabiq baş məşqçisi komanda rəhbərliyindən inciyib
Millimizin futbolçusu Arif İsayev, Saşa Yunisoğlu və Rail Məlikovun sabiq baş məqşçisi Özcan Bizati “Dənizlispor”dan ayrılması ilə bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, I liqa təmsilçisindən qarşılıqlı razılıq əsasında yollarını ayıran təcrübəli çalışdırıcı komanda rəhbərlərindən inciyib.

Bizatinin sözlərinə görə, rəhbərlik ona klubdan ayrılması üçün telefonla bildirib. Ötən mövsüm komandanı I liqada saxlayan Özcan rəhbərliyin telefonla deyil, onunla üz-üzə danışmasının lazım olduğunu dilə gətirib.

O, mövsümün əvvəlində “Dənizlispor”dan göndəriləsi və transfer ediləsi futbolçulara da toxunub: “Rəhbərliyə verdiyim transfer siyahısında Hasan Dəmirdən başqa, heç bir oyunçu alınmadı. Hazırkı heyət saxlanılıb, 4 yeni futbolçu ilə bu komanda çempionluq uğrunda mübarizə aparardı. İşimdən uzaqlaşdırılsam da, amma yolumun bir gün “Dənizlispor”la kəsişəcəyinə inanıram. Bu komandaya yenidən gəlsəm, eyni həyacanla çalışacağımı hər kəs bilsin”.

Qeyd edək ki, ötən mövsümün 2-ci yarısında Dənizli klubundan istefaya göndərilən Səlahəttin Dərvənti əvəzləyən Bizati bir neçə gün bundan əvvəl komandadan uzaqlaşdırılıb.