FIFA İsayev və Yunisoğlunun komandasını cəzalandıra bilər
26.07.2013 - 20:37
FIFA İsayev və Yunisoğlunun komandasını cəzalandıra bilər
Yığmamızın yarımmüdafiəçisi Arif İsayev və müdafiəçi Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” təhlükə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, FİFA komandanın aktivindən xalını silə və I liqadan uzaqlaşdırı bilər.

Buna isə səbəb Türkiyə klubunun sabiq futbolçularına 2 milyon 450 min avro borcun olmasıdır. Bu haqda Dənizli təmsilçisinin prezidenti Süleyman Urkay bildirib.

O, vaxtında futbolçulara pullarının verilmədiyi üçün FİFA və İdman Arbitaj Məhkəməsi (CAS) borcları 8-10 qatına qədər artırdığını vurğulayıb: “Branimir Bajiçə ödəniləsi 72 min avro 196 min avroya qədər artırılıb və bu pulları avqusta qədər ödəməsək, FIFA sanksiya tətbiq edəcək. Hadisə yalnız legionerlərlə bağlı deyil. Yerli oyunçulara, məşqçilərə və digər klub işçilərinə 5 milyon lirəyə yaxın borcumuz var. Problemi yerli idarəçilərlə paylaşdıq. Bu mövzuda bütün ictimaiyyətin həssas olmasını və “Dənizlispor”a sahib çıxmasını gözləyirik”.

Qeyd edək ki, “Dənizlispor” sabiq futbolçuları Emil Angelova 76 min, Martin Horaka 442 min, Valmir Ribeyroya 500 min, David Sillaya 466 min, Uesli Qoncalvesə 418 min ( 200 min avro ödənilib), İbrahim Banquraya 220 min və Erik Odhiamboya isə 221 min avro məbləğində pul ödəməlidir.