Fransalı hakim Bakıda 172-ci matçına çıxacaq
27.07.2013 - 04:40
Fransalı hakim Bakıda 172-ci matçına çıxacaq
Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ” – “Gefle” arasında ilk oyununu idarə edəcək Nikolas Rainvilini yaxından tanıyaq. Apasport.az saytının məlumatına görə, 31 yaşlı referi Fransanın Nimes şəhərində dünyaya gəlib.

Onu heç də məşhur hakim hesab etmək olmaz. Belə ki, Rainvili arbitrlığa 2006-cı ildə Fransanın aşağı divizionunda başlayıb. O, peşəkar karyerasına (II divizion) 2007-ci ilin 27 iyulunda “Dijon” – “Ayaçço” matçını idarə etməklə qədəm qoyub. Nikolas 2010-2011 mövsümündən isə Fransa liqa 1-də hakimlik edir.

Rainvili 2011-ci ildə Avropa Liqası çərçivəsində keçirilən “Steaua” – AEK oyunda 5-ci hakim funksiyasını yerinə yetirib. 2012-ci ilin sonunda o, UEFA-nın beynəlxalq kateqoriyalı hakimi təyin edilib.

Rainvili bu mövsüm avrokuboklarda yalnız bir oyuna təyinat alıb. Yunanıstanda “Ksanti” - “Linfild” görüşünü idarə edən gənc arbitr əlini cibinə tez-tez atıb. Şimali İrlandiya klubunun minimal hesablı qələbə qazandığı oyunda Nikolas 7 futbolçunu sarı vərəqə ilə cəzalandırıb. O, bu vərəqlərdən 2-sini meydan sahiblərinə, digər 5-ini isə qonaqların oyunçularına göstərib.

Rainvili hakimlik karyerası ərzində 171 oyun idarə edibsə, Bakıdakı görüş isə onun üçün 172-ci qarşılaşma olacaq. O, bu görüşlərdə 607 futbolçunu sarı, 56-sini isə qırmızı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, "Qarabağ" - "Gefle" matçı avqustun 1-də keçiriləcək. Qarşılaşma isə saat 21:00-da başlayacaq.