AZAL-a gələn isveçli: “Qarabağ” “Gefle”ni keçəcək - MÜSAHİBƏ
29.07.2013 - 10:50
AZAL-a gələn isveçli: “Qarabağ” “Gefle”ni keçəcək - MÜSAHİBƏ
AZAL-da baxışda olan isveçli hücumçu Freddi Borqun apasport.az saytına müsahibəsi

- Azərbaycandan təklifi necə aldınız?
- Menecerim Azərbaycan klublarından birinin durumumla maraqlandığını bildirdi. Baxışa çağırırdılar. Əslində, Almaniyada oynadığımdan, hansı formada olduğumu bilirlər. Burda isə məni tanımırlar. Ona görə də AZAL-ın təklifi ilə razılaşdım və burda ilk oyunumu keçirdim.

- Səhv etmiriksə, 1 il öncə də Azərbaycan klublarının birindən təklif almışdınız...
- 1 yox, 2 il əvvəl. O vaxt “Rəvan”dan təklif almışdım.

- Bəs onda “Rəvan”a keçidiniz niyə baş tutmadı?
- Çünki Almaniyadan daha sərfəli təklif almışdım. “Hanza” klubu da məni istəyirdi. Bu üzdən almanların təklifini qəbul etdim.

- Azərbaycanın “Qarabağ” klubunun Avropa Liqasında İsveç təmsilçisi “Gefle” ilə mübarizə aparacağını bilirdiniz?
- Yox, açığı, bilmirdim. İndi sizdən eşitdim. Maraqlı xəbərdir...

- Bir isveçli kimi, bu komandanı hazırda burda sizdən yaxşı kimsə tanıya bilməz. “Gefle” barədə hansı məlumatı verə bilərsiniz?
- Ev oyunlarını süni örtüklü meydançada keçirirlər. Doğma azarkeşləri önündə güclü təsir bağışlayırlar. Ancaq əsasən əks-hücumlara bel bağlayan komandadır. Yaxşı komanda olsa da, texniki cəhətdən o qədər də güclü təsir bağışlamırlar. Onlar ev oyunlarını Gefle şəhərində keçirməli olsalar da, avrokuboklar zamanı Sundsvallda rəqibləri qəbul etməli olur. Bu da stadionlarının bəzi meyarlara cavab verməməsi ilə bağlıdır.

- Bu komandanın hansı ən üstün cəhətlərini qeyd etmək olar?
- Yaxşı müdafiə olunurlar. Bayaq qeyd etdiyim kimi, təhlükəli əks-hücumlar qura bilirlər. Müdafiəyə hamılıqla çəkilirlər. Onlar əsasən qol buraxmamağı düşünür.

- Ancaq maraqlıdır ki, “Gefle” Kiprdə “Anortosis”ə 0:3 hesabı ilə uduzsa da, məhz İsveçdə 4 cavabsız top vurub mərhələ adladılar...
- Ola bilər. Dedim axı, evdə yaxşı çıxış etməyi bacarırlar.

- “Qarabağ”ın “Gefle” ilə oyunlarına proqnozunuzu bilmək maraqlı olardı...
- “Gefle” İsveçdə ortabab komandalardan biridir. Məhz bu komanda avrokuboklara həmişə “Feyr-Pley” sayəsində qatılıb. Düşünürəm ki, “Qarabağ” həmyerlilərimə qalib gələcək (gülür).

Səbuhi TOFİQOĞLU