“Tuyqun Nadirovla görüşdən sonra taleyimə aydınlıq gələcək”
29.07.2013 - 12:53
“Tuyqun Nadirovla görüşdən sonra taleyimə aydınlıq gələcək”
“Hazırda Bakıda, gözləmə mövqeyindəyəm”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”dan uzaqlaşdırılan rumıniyalı futbolçu Adrian Pit deyib.

Avroliqada Hayfa “Makkabi”sinə 0:8 hesablı yenilgidən sonra komandadan qovulan 4 futbolçu arasında Pit də oldu.

30 yaşlı sol cinah yarımmüdafiəçisi hazırda paytaxtda məskunlaşıb və gələcək taleyinin necə olacağını bilmir: “Mənim “Xəzər Lənkəran”la 1 illik müqaviləm qalıb. Bu gün klubun vitse-prezidenti Tuyqun Nadirovla görüşdən sonra taleyimə aydınlıq gələcək. Mənə çatacaq pulu almalıyam. Ancaq mən Nostradamus deyiləm. Bilmirəm ki, bu görüşdən sonra müqaviləm qarşılıqlı şəkildə pozulacaq, yoxsa komandada saxlanacağam”.

2 il əvvəl Mirça Rednikin vaxtında Kluj “Universitatya”sından “Xəzər Lənkəran”a keçən Pit ölkəmizdən hələlik təklif almadığını bildirdi: “Mən “Xəzər Lənkəran”a bağlı olduğumdan, heç bir klubla danışığım olmayıb. Nə də ki hər hansı bir klubdan təklif almışam”.

Səbuhi TOFİQOĞLU