AZAL “Xəzər Lənkəran”a gedənlərin əvəzinə daha 2 futbolçu gətirir
29.07.2013 - 17:24
AZAL “Xəzər Lənkəran”a gedənlərin əvəzinə daha 2 futbolçu gətirir
AZAL yoxlama oyunlarını bitirsə də, baxışa gələnlər yenə olacaq. Apasport.az saytının komandanın baş məşqçisi Vaqif Sadıqovdan aldığı məlumata görə, bunlardan biri braziliyalı yarımmüdafiəçidir.

Tam adını dəqiqləşdirə bilməsək də, qısa adı Silva olan futbolçu uzun müddətdir ki, Belçika çempionatında çıxış edir. Ukraynanın “Stal” klubundan gələn konqolu Burnel Okana-Stazi bəyənilmədiyi üçün braziliyalı oyunçuya AZAL-dakı məşqlərinə əsasən qiymət veriləcək.

Digər oyunçu isə rumıniyalı hücumçu Adrian Petulyadır. 28 yaşlı hücumçu ölkəsində “Rapid”in yetirməsi olsa da, o qədər də tanınmış klublarda çıxış etməyib. O, BƏƏ-də və İngiltərənin aşağı dəstə klublarında forma geyib. Ancaq bu 2 futbolçudan maksimum 1-i heyətə götürüləcək. Bu baxımdan braziliyalının şansı daha çoxdur. Çünki Petulya gələnə kimi AZAL artıq hücum xəttinə 2 legioner – Freddi Borq və Yuri Fomenkonu gətirib.

Qeyd edək ki, braziliyalı Junior Nildo və mərakeşli Zohair Benuahinin AZAL-ı “Xəzər Lənkəran”a dəyişməsindən sonra “təyyarəçilər” hücum və oyun qurucusu mövqelərinə futbolçu axtarışındadır.