“Xəzər Lənkəran”a heç qapıya zərbə vurmaq şansı vermədik” - MÜSAHİBƏ
23.11.2013 - 00:02
“Xəzər Lənkəran”a heç qapıya zərbə vurmaq şansı vermədik” - MÜSAHİBƏ
“Bakı”nın sol cinah müdafiəçisi Yure Travner “Xəzər Lənkəran”la oyunda böyükhesablı qələbənin (3:0) 90 dəqiqəlik iştirakçılarından olub. Sloveniyalı futbolçu həmin qarşılaşmadan sonra apasport.az saytının suallarını cavablandırıb.

- Öncə qarşılaşma haqqında ümumi fikirlərinizi bildirərdiniz...
- Bizim üçün möhtəşəm oyun oldu. Çünki 3 qolla qalib gəldik. İlk hissədən şanslarımızdan yararlana bilməsək də, fasilədən sonra qələbəyə layiq futbol oynadıq.

- İlk hissədə o qədər də yaxşı təsir bağışlamadınız. Paltardəyişmə otağında baş məşqçi sizə nə dedi ki, belə gözəl çıxış etməyə başladınız?
- Düşünmürəm ki, ilk hissədə zəif çıxış etdik. Biz “Xəzər Lənkəran”a “çərçivə”yə zərbə vurmaq şansı yaratmağa qoymamışıqsa, deməli, pis oynamamışıq. Sadəcə, fasilədən sonra biz daha da inamlı təsir bağışladıq və topa daha çox nəzarət edən tərəf olduq.

- Son vaxtlar sol cinah müdafiəçisi kimi çıxış edirsiniz. Ancaq “Bakı”da müdafiənin mərkəzində çıxış etdiyiniz hallar da olub. Bu nədən qaynaqlanırdı?
- Bəli, 3 oyun mərkəz müdafiəçisi kimi oynamışam. Bu da ondan irəli gəlirdi ki, həmin vaxt bizim komandada bu mövqedə zədəli futbolçular var idi. Ruben və Giorgos Pelagias zədəli idilər.

- Sizin üçün asan mövqe hansıdır?
- Mən əsasən sol cinah müdafiəçisiyəm. Ancaq mərkəz xətdə də çıxış etmək təcrübəm olduğu üçün elə də çətinlik çəkmirəm. Hər şey baş məşqçinin seçimindən asılıdır.

- Azərbaycan Premyer Liqasında daha bir sloveniyalı futbolçu da çıxış edir...
- Bilirəm, “Qəbələ”də çıxış edən Deyan Kelharı nəzərdə tutursunuz. O, mənim dostumdur. Sloveniyada “Selye” klubunda bir yerdə çıxış etmişik. İkimiz də həmin komandanın müdafiə xəttində çıxış edirdik. Hardasa 3 il bir yerdə oynamışıq.

- Yayda “Bakı”ya transfer olundunuz. Bura gələndə onunla məsləhətləşmişdiniz?
- Yox. Ancaq “Bakı”da oynadıqları üçün Lukas Horvat və Juninyodan komanda haqqında məlumatlar almışdım. Onları Sloveniya çempionatında oynadıqları vaxtdan tanıyırdım. Həmin futbolçular burda həyat tərzinin yaxşı olduğunu, səviyyəli çempionatın mövcudluğunu mənə bildirdilər. Belədə gəlməyə qərar verdim. İndi görürəm ki, yaxşı ki bu kluba keçmişəm.

- Əvvəllər İngiltərədə “Uotford”da çıxış etmisiniz. 3 il əvvəl belə bir çempionatında çıxış etdiyiniz halda, indi ölkəmizdə oynayırsınız. Karyeranızın aşağı düşməsinin səbəbi nədir?
- “Uotford”dan başqa, Şotlandiyada “Sent-Mirren” və Bolqarıstanda hazırkı çempion “Ludoqorets”in də şərəfini qorumuşam. Karyeramdakı enişin səbəbini deyə bilməyəcəyəm. İngiltərədə cəmi 3 matça çıxdım. Şotlandiyada isə pul yox idi. Burda isə maliyyə vəziyyəti yaxşıdır. Ancaq siz dediyiniz kimi də Azərbaycan çempionatı sadaladığım birinciliklərdən çox geri qalmır. Burda da futbolun səviyyəsi yaxşıdır və gündən-günə artır.

Səbuhi TOFİQOĞLU