Marko Periç: Sanki sonuncu döyüşə gedirik - MÜSAHİBƏ
23.11.2013 - 14:04
Marko Periç: Sanki sonuncu döyüşə gedirik - MÜSAHİBƏ
Futzal üzrə UEFA kubokunun elit-raundu çərçivəsində Macarıstanın “Qyor Eto” klubu ilə qarşılaşan “Araz” ardıcıl ikinci qələbəsini qazandı. 5:0 hesabı ilə başa çatan görüşdən sonra Naxçıvan təmsilçisinin üzvü Marko Periç apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Oyunla bağlı təəssüratınızı bilmək istərdik...
- Çox yaxşı oynadıq. Meydana çıxan komanda yoldaşlarım qələbə qazanmaq üçün bütün güclərini səfərbər etdilər. Həm hücumda, həm də müdafiədə yaxşı təsir bağışladıq. Bu oyunu “Sportinq”lə matçda da ortaya qoya bilsək, qələbə qazanacağıq.

- Fərqli hissələr izlədik. Fasilədə nə dəyişdi ki, ikinci hissə daha məhsuldar alındı?
- Bu suala baş məşqçi daha ətraflı məlumat verə bilər. İkinci hissədə taktiki planda dəyişikliklər edildi. İkinci qolu vurduqdan sonra rəqib beş meydan oyunçusu ilə çıxış etdi. Baş məşqçi də buna uyğun taktika seçdi.

- Hesaba diqqət yetirərkən “Eyndhoven”lə bir gün əvvəl keçirilən qarşılaşmanın daha çətin olduğunu düşünmək olar. Ancaq oyun baxımından “Qyor Eto” daha güclü idi. Bu fikirlə razılaşırsınızmı?
- Elit-raund mərhələsində bütün görüşlər çətin keçir. Burda asan matç yoxdur. “Eyndhoven” daha çox fərdi oyuna meylli idi. Amma “Qyor Eto” kollektiv oyuna üstünlük verir. Razılaşıram ki, macarlarla duel daha çətin keçdi.

- Hansı anı oyunun qırılma nöqtəsi hesab edirsiniz?
- Felipenin ikinci qolu matçın qırılma anı oldu. Rəqib artıq beş nəfərlə oynadı. Düzdür, bütün qollar vacibdir. Çünki qələbə qazanmaq üçün qol vurmaq lazımdır.

- Növbəti rəqib “Sportinq”dir. Bu matçın nəticəsi “Dördlər finalı”na yollanacaq komandanın adını müəyyənləşdirəcək. Portuqaliya çempionu haqda nə bilirsiniz?
- Ən çətin oyunumuz olacaq. Onlar öz azarkeşlərinin əhatəsində çıxış edəcəklər. Dəli kimi oynayacaqlar. Bütün gücümüzdən istifadə etməliyik. Elə düşünməliyik ki, sanki sonuncu döyüşə gedirik. Çox çətin olacaq.

- “Sportinq”in hər iki oyununu izləmisiniz. “Araz” nəyə daha çox diqqət yetirməlidir?
- Ağıllı və diqqətli oynamalıyıq. Müdafiədə səhv buraxmamalıyıq. Təbii ki, əks-hücumlarda onları yaxalamalıyıq. Qarşıda bir günümüz var. Baş məşqçi lazım olan tapşırıqları verəcək.