Azərbaycan yığması - Avropada 43-cü yerdə
25.11.2013 - 14:25
Azərbaycan yığması - Avropada 43-cü yerdə
17 yaşadək futbolçular arasında Avropa çempionatının 2014/15 mövsümünün seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, noyabrın 28-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Azərbaycan millisinin rəqiblərinin müəyyənləşəcəyi tədbirdə 52 komanda 13 qrupa bölünəcək. Final mərhələsinə ev sahibliyi edəcək Bolqarıstan və ən yüksək reytinqə malik olduğu üçün mübarizəyə elit-raunddan başlayacaq Almaniya seçmə oyunlarından azaddır. Seçmə mərhələnin hər qrupunda ilk 2 yerin sahibi və ən yaxşı göstəriciyə malik 3-cü komanda elit-raunda yüksələcək.

52 yığma isə reytinqinə əssən 2 səbətə bölünüb. Azərbaycan millisi nisbətən zəiflərin yer aldığı B səbətindədir. Buna səbəb son 3 mövsümün nəticəsinə əsasən hesablanan UEFA reytinqidir. Burada 1,333 xala malik ölkəmiz 53 ölkə arasında 43-cüdür. Siyahıdan kənarda qalan Bolqarıstan da daha çox xala malikdir.

A səbəti: Hollandiya, İngiltərə, Fransa, Macarıstan, İtaliya, Danimarka, Rusiya, Çexiya, İspaniya, Serbiya, Portuqaliya, Gürcüstan, Xorvatiya, Norveç, İsveçrə, Belçika, Polşa, Ukrayna, İsveç, Şotlandiya, İrlandiya, İslandiya, Belarus, Avstriya, Slovakiya, Türkiyə

B səbəti: Yunanıstan, Rumıniya, Şimali İrlandiya, İsrail, Finlandiya, Albaniya, Bosniya və Hersoqovina, Sloveniya, Litva, Lüksemburq, Qazaxıstan, Monteneqro, Latviya, Estoniya, Makedoniya, Azərbaycan, Ermənistan, Uels, Moldova, Kipr, Farer adaları, Andorra, San-Marino, Malta, Lixtenşteyn, Cəbəllütariq.