Azərbaycan yığması B səbətində!
25.11.2013 - 15:22
Azərbaycan yığması B səbətində!
19 yaşadək futbolçular arasında növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün püşkü noyabrın 28-də atılacaq.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 13:15-də başlayacaq. Azərbaycan millisinin rəqiblərinin müəyyənləşəcəyi tədbirdə 52 komanda 13 qrupa bölünəcək. Final mərhələsinə ev sahibliyi edəcək Yunanıstan və mübarizəyə elit-raunddan başlayacaq İspaniya seçmə oyunlarından azaddır.

52 yığma isə reytinqinə əssən 2 səbətə bölünüb. Azərbaycan millisi B səbətində qərarlaşıb. Buna səbəb son 3 mövsümün nəticəsinə əsasən hesablanan UEFA reytinqidir. Burada 2,667 xala malik ölkəmiz 53 ölkə arasında 41-cidir. Meydan sahibi olduğu üçün siyahıya daxil edilməyən Yunanıstan da daha çox xala malikdir.

A səbəti: Fransa, Serbiya, Türkiyə, Portuqaliya, İngiltərə, Hollandiya, Danimarka, Xorvatiya, Almaniya, Belçika, İrlandiya, İtaliya, Norveç, Çexiya, Ukrayna, Gürcüstan, Avstriya, İsveçrə, Slovakiya, Rumıniya, Şotlandiya, Macarıstan, Polşa, Rusiya, Bosniya və Hersoqovina, İsrail

B səbəti: Sloveniya, Şimali İrlandiya, Belarus, Kipr, Monteneqro, Uels, Bolqarıstan, Makedoniya, İslandiya, Finlandiya, Estoniya, Ermənistan, Albaniya, Azərbaycan, İsveç, Latviya, Litva, Moldova, Farer adaları, Malta, Qazaxıstan, Lüksemburq, San-Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq.

Qeyd edək ki, hər qrupdan ilk 2 yerin sahibi və ən yaxşı göstəriciyə malik 3-cü komanda elit-raunda yüksələcək.