“Mövqeyimizi yox, 2 xal itirdik”
25.11.2013 - 17:00
“Mövqeyimizi yox, 2 xal itirdik”
“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının XIV turunun “Rəvan”la (0:0) oyunundan sonra apasport.az saytının əməkdaşının sualları cavablandırıb.

- Öncə qarşılaşma haqqında fikirlərinizi almaq istərdik.
- Qələbə qazanmalı olduğumuz bir matç idi. Çox yaxşı oynadıq. Ötən mövsüm də belə lazımsız xallar itirdik. Ancaq bu dəfə 2 xal itirsək də, turnir cədvəlindəki mövqeyimizi itirməmişik. “Neftçi”dən 1 xal öndəyik.

- “Rəvan”la matçda bəxtinizin gətirməməsini söyləmək olarmı?
- Elə mən də belə düşünürəm. Şanssızlıqla üzləşdik. Çünki 100 faizli qol vəziyyətləri yaxaladıq, ancaq qol vura bilmədik. İnşallah, qarşıdakı turlarda bunun əvəzini çıxarıq.

- Bəlkə “Rəvan”ın buna qədər 8 oyun qələbə qazana bilməməyi hardasa meydana arxayın çıxmağınıza səbəb olmuşdu?
- Əslində belə şeylərə fikir vermirik. Biz öz işimizə baxırıq. Hər bir matça qələbə qazanmaq üçün çıxırıq.

- 2010-cu ilin yayında “Rabotniçki”dən “Orduspor”a transfer olunarkən Türkiyə klubu transferinizə görə Makedoniya təmsilçisinə 230 min lirə ödəməyib. Bu məsələyə də münasibət bildirərdiniz...
- Bu məsələnin mənimlə bağlılığı yoxdur. Buna görə heç kimlə söhbət etməmişəm. Sizin kimi, bu haqda Türkiyə mətbuatından oxumuşam.

- Hər halda, burda sizin adınız hallanır. Adınızı görüb “Rabotniçki” ilə əlaqə saxlamadınız?
- Düzdür, adım hallanır və mən “Rabotniçki”dən “Orduspor”a transfer olunmuşam. Ancaq bu, mənimlə bağlı olan bir məsələ olmadığından, buna görə heç kimlə əlaqə saxlamamışam. Bu, klublar arasında olan bir məsələdir.

- Yeri gəlmişkən, “Orduspor”da 2010/11 mövsümündə çıxış edərkən klub prezidenti Nədim Türkmən sizi türk statusunda oynatmağa çalışıb. Bu, doğru məlumatdır?
- Bəli, düzgün informasiyadır. Ancaq həmin mövsüm üçün klub prezidenti bunu edə bilmədi. Sonradan mənə Türkiyə pasportu verilsə də, mən orda qalmadım. Makedoniyaya – “Rabotniçki”yə qayıtdım, daha sonra isə bura gəldim.

- “Qarabağ”da sabiq komanda yoldaşınız olmuş Branimir Subaşiç “Orduspor”a keçərkən sizinlə məsləhətləşmişdi?
- Yox, məndən məsləhət almamışdı. Ancaq onun sabiq komandama keçəcəyini eşitmişdim. Yaxşı ki, həmin kluba keçib. Çox yaxşı klubdur. “Orduspor” hazırda da turnir cədvəlində liderdir.

Səbuhi TOFİQOĞLU