Rusiyalı futbolçu Azərbaycan klubunu ziyana saldı
26.11.2013 - 13:49
Rusiyalı futbolçu Azərbaycan klubunu ziyana saldı
AFFA İntizam Komitəsi (İK) bu gün keçirdiyi iclasında əvəzedici komandaların çempionatı və I dəstəyə dair qərarlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunda yalnız “İnter” – “Neftçi” oyununda qayda pozuntusu qeydə alınıb.

Belə ki, oyununun 25-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Mehman Rəsulov kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Rəsulov 2 oyunluq cəzalanıb, klub isə 1000 manat cərimə olunub.

I dəstənin XI turunun “Turan-T” – “Ağsu” matçında qonaqların futbolçuları cəzalarını alıb. Belə ki, oyunun 75-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Fariz Ramazanov 1 oyunluq cəzalandırılıb. Onun komanda yoldaşı Azər Məmmədov isə birbaşa qırmızı vərəqə aldığına görə 2 matçı kənardan izləməli olacaq. “Ağsu” bu futbolçularına görə ümumilikdə 220 manat ödəməlidir.

“Karvan” – “Bakılı” matçında Yevlax klubu 5 futbolçusu sarı vərəqə aldığına görə 100 manat cərimələnib. Oyunun 84-cü dəqiqəsində “Karvan”ın futbolçusu Əziz Hüseynovla “Bakılı”nın oyunçusu Comərd Baxşəliyev bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Hər 2 futbolçu 3 oyunluq cəzalandırılıb. Klublar isə 200 manat pul ödəməyə məhkumdur.

Turun qalmaqallı “Qaradağ-Lökbatan” – “Neftçala” matçına veriləcək hüquqi qiymət də maraqla gözlənilirdi. 55-ci dəqiqədə “Neftçala”nın rusiyalı müdafiəçisi Həsən Həsənov 1 oyunluq cəzalandırılıb. Matçın 80-ci dəqiqəsində “Qaradağ-Lökbatan” klubunun məşqçisi Nasim Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. Məşqçi buna görə 1 oyunluq cəza alıb, klub da 100 manat xərcə düşməli olacaq.

Bu oyunun 90+5-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Nakim Vəliyev 1 oyunluq cəzalandırılıb. Bölgə klubu həm Həsənov, həm də Vəliyevə görə cəmi 40 manat cərimə ödəməlidir.