Daha bir azərbaycanlı futboldan uzaqlaşdırıldı
26.11.2013 - 14:34
Daha bir azərbaycanlı futboldan uzaqlaşdırıldı
AFFA İntizam Komitəsi (İK) aşağı yaş qrupları üzrə çempionatlarda baş verənlərə dair qərarlarını açıqlayıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, noyabr 23-də U-14 Liqasının Gİİ (Qazax) – “Gülül” (Ağstafa) matçının ikinci hissəsində birincilərin heyətində “lipa” tapılıb.

Belə ki, Ayxan Talıbovun əvəzinə lisenziyası olmayan futbolçu Nicat Babayevın iştirak etdiyi müəyyənləşib. Buna görə də Qazax klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Noyabrın 24-də həvəskarlar arasında keçirilən ölkə birinciliyinin “Adığün” – “Neftçala” matçı da qalmaqalla zəngin olub. Hər 2 komandanın heyətində 2 futbolçu qaydaları pozduğuna görə cəzalandırılıb. Ancaq “Adıgün”ün oyunçusu Bəxtiyar Bayraqdarovun cəzası daha ağır olub. Belə ki, matç başa çatdıqdan sonra həmin futbolçu hakimlərə qarşı fiziki təsir göstərdiyinə görə 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulub.

Qeyd edək ki, bu ayın 5-də AFFA İK “Şahdağ”ın futbolçusu Yusif Yusifzadəni “Araz Naxçıvan”la görüşün hakimlərinə qarşı fiziki təsir etməsinə görə 2 illik futboldan uzaqlaşdırmaq haqqında qərar qəbul etmişdi.