“Xəzər Lənkəran” necə bu günə düşdü, buna çox təəccüb edirəm” - FOTO
26.11.2013 - 16:27
“Xəzər Lənkəran” necə bu günə düşdü, buna çox təəccüb edirəm” - FOTO
“Mustafa Dənizlinin “Xəzər Lənkəran”a gəlişindən sonra turnir cədvəlində yuxarılara qalxmaq mümkündür. Komandanın çıxışlarını izləyirəm, hazırda VIII sıradadır. Amma niyə bu yerdədir, bunu başa düşmürəm”. Bunu apasport.az saytına “İnegölspor”un hücumçusu Gökhan Güləç deyib.

Ötən mövsümün son 6 ayını “Xəzər Lənkəran”da keçirən futbolçu Mustafa Dənizlinin ölkəmizdə işləyəcəyini eşidəndə şoka düşüb. 28 yaşlı hücumçu onun cənublulara xeyir verəcəyi qənaətindədir. Bununla belə, “Beşiktaş”ın sabiq hücumçusu Lənkəran təmsilçisinin hazırda niyə acınacaqlı durumda olmasını anlaya bilmir: “Xəzər Lənkəran” o qədər yaxşı komandadır ki... Çoxlu pulu, bazası, azarkeşi var. Digər Bakı komandalarında heç bunlar yoxdur. “Xəzər Lənkəran” necə bu günə düşdü, mən buna çox təəccüb edirəm”.

Güləç ötən mövsümün sonunda “Xəzər Lənkəran”dan necə ayrılmasına da aydınlıq gətirib: “Mən ötən mövsüm başa çatdıqdan sonra Con Toşakla söhbət etdim. Ondan soruşdum ki, mənə aid fikirlərin necədir? O da mənə dedi ki, növbəti mövsüm üçün başqa hücumçular alacağıq. Buna görə də mən də komandada qalmaq üçün çox təkid etmədim. Transfer olunan yeni hücumçular isə Junior Nildo və Mbilla Etame oldu. Mbillanı Türkiyə çempionatından tanıyırdım. “Adanaspor”da çıxış edib, yaxşı futbolçudur”.

Qeyd edək ki, Gökhan Güləç “Xəzər Lənkəran”a ispaniyalı Karles Bakesin dönəmində “Şanlı Urfaspor”dan transfer olunub. O, çıxış etdiyi 6 ay ərzində çempionatda cəmi 2 qol vurmağı bacarıb.

Səbuhi TOFİQOĞLU