“Təəccüblənmək nədi, şoka düşdüm!”
26.11.2013 - 17:00
“Təəccüblənmək nədi, şoka düşdüm!”
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Gökhan Güləçin apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra Türkiyənin II dəstə təmsilçisi “İnegölspor”a keçdiniz. I dəstəyə çıxmaq şanslarınız necədir?
- “İnegölspor” mənə doğma klubdur. Çünki İnegöldə doğulmuşam, karyerama məhz bu klubda başlamışam. Atam bu komandanın prezidentdir. Komanda hazırda II pillədə qərarlaşıb və I dəstəyə yüksəlmək şansımız çoxdur.

- Hücumçu olsanız da, Azərbaycanda cəmi 2 qol vura bilmişdiniz. Bəs Türkiyənin aşağı dəstəsində fərqlənmisiniz?
- Yox, hələ qol vura bilməmişəm. Burda sol cinahda oynayıram. IV turda zədələndim və 5 həftə oynaya bilmədim. Zədəm sağaldıqdan sonra “Kasımpaşa” ilə kubok matçında meydana çıxdım və qələbə qazandıq. İndi Türkiyə kubokunda növbəti rəqibimiz digər Superliqa təmsilçisi “Qaziantepspor”dur. Bu komanda ilə dekabrın 4-də qarşılaşacağıq.

- “Xəzər Lənkəran”la əlaqəniz varmı?
- Əlbəttə. Demək olar bütün komanda üzvləri ilə əlaqə yaradıram.

- Deməli, Con Toşakın istefa verdiyini də bilirsiz...
- Təbii ki... Toşak postundan ayrıldı. Bu barədə mənə sabiq komanda yoldaşlarım dedi.

- Sizi yayda “Xəzər Lənkəran”dan kənarlaşdıran Toşakın istefasını necə qarşıladız?
- Hamının özünə görə düşüncəsi var. O, məni göndərərkən fikirləşirdi ki, daha yaxşı hücumçular alacaq. Aldı, ancaq faydasını görmədi. Bu, futbolda normal bir şeydir. Toşakdan buna görə incik deyiləm.

- Ancaq komandanın göstərdiyi nəticələr çox pis idi...
- İzləyirdim. Bu, şanssızlıqla bağlıdır. İndi komandaya Mustafa Dənizli gəlib. O, məni sevən bir məşqçidir. Kaş ki, mən orda olaydım... Formam da qaydasına düşərdi. Mustafa hoca yaxşı məşqçidir, inşallah, orda uğurlu olar.

- Dənizlinin “Xəzər Lənkəran”a baş məşqçi gələcəyini eşidəndə təəccübləndinizmi?
- Təəccüblənmək nədi, şoka düşdüm! Halbuki, milli komandaya namizədlər arasında idi. Bildiyiniz kimi, Fatih Terim, Şenol Günəş və Dənizli Türkiyənin ən böyük məşqçiləridir. Vallah, “Xəzər Lənkəran” Mustafa hocanı necə komandaya gətirməyə razı saldı, çox təəccübləndim.

- Klubun fəxri prezidenti Mübariz Mənsimov vasitəsilə ola bilərmi?
- Ola bilər. Ancaq Dənizlinin “Xəzər Lənkəran”da işləməyə razılıq verməsindən aydın olur ki, ona çox böyük vədlər verilib. Bu, pulla həll olunacaq bir iş deyil. Deməli, bu məsələdə Mübariz bəyin nüfuzu var. Onun xahişi Dənizlinin razı olmasına səbəb olub. Mustafa hocaya bir kisə pul da versən, gəlməz. Çünki onun pula ehtiyacı yoxdur.

- Dənizlinin rəhbərliyi altında oynamamısız. Maraqlıdır, o, sizi tanıyır?
- Mən “Beşiktaş”dan ayrıldıqdan sonra Dənizli bu kluba baş məşqçi gəlib komandanı çempion etdi. Ancaq məni futbolçu kimi tanıyır. İdmana dair yazılardan oxuyurdum ki, mənim haqqımda yaxşı şeylər söyləyirdi. Mən orda qalsaydım, daha yaxşı olardı (gülür). Ancaq xeyirlisi...

- Bəlkə əlaqələriniz vasitəsilə ona xəbər göndərəsiniz...
- Yox. Bundan sonra yenidən “Xəzər Lənkəran”a geri qayıtmaq düzgün olmaz. Bəlkə onun da özünə görə düşüncələri var. Üstəlik, daha öncə onun rəhbərliyi altında oynamamışam. Ona görə də bu, çətin bir ehtimaldır.

Səbuhi TOFİQOĞLU