“Atletiko” niyə “Zenit” önünə “Land of fire Azerbaijan” forması ilə çıxıb?
27.11.2013 - 11:36
“Atletiko” niyə “Zenit” önünə “Land of fire Azerbaijan” forması ilə çıxıb?
“Bakı”nın prezidenti Hafiz Məmmədovun sponsoru olduğu iki klubdan biri Madrid “Atletiko”su dünən Sankt-Peterburqda “Zenit”lə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutan matç bərabərliklə başa çatıb - 1:1.

Görüşü izləyənlər arasında “Atletiko” və “Bakı” prezidentləri də olub. Madrid klubu bu qarşılaşmaya üzərində yaxınlarda təsdiq olunmuş “1st European Games Baku-2015” ilə yox, “Land of fire Azerbaijan” sözləri yazılmış köhnə forması ilə çıxıb.

Bunun səbəbinə isə aydınlıq gəlib. Belə ki, Çempionlar Liqasının reqlamentinə görə, bir klub iştirak ərizəsini UEFA-ya təqdim etdikdə bu turnirdə hansı formalarından yararlanacağını da göstərməyə borcludur. “Atletiko” da “Land of fire Azerbaijan”ı təqdim etdiyindən, ən azı qışa kimi bu loqodan yararlanmağa məhkumdur.

Qeyd edək ki, İspaniya klubu daxili birincilikdə yeni loqosundan yararlanmaqda sərbəstdir.