Rasim Kara: Əgər Mustafa Dənizli məni axtarsa... - MÜSAHİBƏ
27.11.2013 - 13:20
Rasim Kara: Əgər Mustafa Dənizli məni axtarsa... - MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi, türkiyəli mütəxəssis Rasim Karanın apasport.az saytına müsahibəsi

- Rasim bəy, necəsiniz, işləriniz qaydasındadırmı?
- Təşəkkür edirəm, hər şey yaxşıdır. Hazırda Hollandiyadayam. Türkiyə Futbol Federasiyasının (TFF) təşkil etdiyi məşqçi kurslarında dərs deyirəm. Bu işləri daha öncə bir sıra həmkarlarımızla biz başladıq. İndi də qaldığımız yerdən davam edirik. 2009-cu ildə “Xəzər Lənkəran”dan ayrılıb, Türkiyəyə döndükdən sonra TFF-dən təklif gəldi. Bu sahədə bilgilərimi bölüşməyi, fayda verməyimi istədilər, mən də razılaşdım.

- Bu müddətdə hansısa klubdan təklif almadınız?
- Təkliflər, arayıb-axtaranlar çox oldu. Ancaq TFF-də başladığımız işi yarımçıq qoymaq istəmirik.

- Azərbaycandan gedəndən sonra klublarımızdan sizinlə maraqlanan oldu?
- Xeyr. Ancaq Qətərdən, Asiyanın bir sıra ölkələrində dəvətlər vardı. Türkiyə klublarında da mənimlə əməkdaşlıq etmək istəyənlər oldu. Ancaq dediyim kimi, mən federasiyada işimi davam etdirməyi məqsədəuyğun saydım.

- Gələcəklə bağlı planlarınız necədir: Klubda işləməyi düşünürsünüz?
- Vəziyyətdən asılıdır, hazırda tamamlamalı olduğum işlər var. Hər hansı bir dəvət olarsa, gələcək perspektiv üçün dəyərləndirmək mümkündür.

- Yenidən Azərbaycanda işləmək istəyərdiniz?
- Təbii, Azərbaycan mənə doğma olan məmləkətdir. Orada xeyli dost-tanışım var.

- Həmyerliniz Mustafa Dənizlinin sabiq klubunuz “Xəzər Lənkəran”la anlaşdığından xəbərdarsınız?
- Bəli, eşitdim. Ancaq ətraflı məlumatım yoxdur. Vəzifəsinin icrasına başladımı?

- Xeyr, hələ rəsmi müqavilə bağlanılmayıb. Lakin yaxın günlərdə müqavilə rəsmiləşməlidir...
- Buna çox sevindim. Həm Mustafa bəyin adına, həm də “Xəzər Lənkəran”ın. Mustafa Dənizli Türkiyə futbolunun yetişdirdiyi məşqçilərin arasında ən yaxşılardandır. Çempionluqlar yaşamış, sevilib-sayılan bir şəxsiyyətdir. Azərbaycanda uğur qazanacağına inanıram. Komandanın hazırkı durumundan xəbərdaram, çıxışını izləyirəm. Hazırda 10 komanda arasında 8-ci pillədədir. İnanın, buna ən çox üzülənlərdən biri mənəm. “Xəzər Lənkəran” mənim üçün doğma klubdur. Bu komandanın tək hədəfi çempionluq olub.

- Mustafa Dənizli sizinlə əlaqə saxlayıb, hər hansı məlumat istəyib?
- Xeyr. Hollandiyada davamlı dərslərdə olduğum üçün telefonum bağlı olur. İndi də yenicə açmışdım, siz zəng etdiniz. Mustafa bəy nəsə öyrənmək istəsə, lazımı şeyləri deyəcəyəm. Mən Azərbaycan futbolunu izləyən birisiyəm. Oradakı inkişaf məni sevindirir. 2009-cu ildən bəri çox şey dəyişib və əminəm ki, daha da irəli gedəcəksiniz. Hər kəsə salamlarımı çatdırın.


ŞAMO