AFFA “Arsenal”la anlaşdı
27.11.2013 - 15:52
AFFA “Arsenal”la anlaşdı
AFFA-nın baş katibi Elxan Məmmədov İngiltərənin "Arsenal" klubunun futbol məktəbinin meneceri Ross Metherellə görüşüb. Apasport.az saytının məlumatına görə, görüşdə assosiasiya ilə London təmsilçisinin Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı birgə fəaliyyətinin perspektivləri müzakirə olunub.

İlkin olaraq razılıq əldə edilib ki, 2014-cü ilin yay aylarında Bakıda "Arsenal"ın Yay Futbol Məktəbinin toplanışı təşkil olunsun və AFFA-nın təşkil etdiyi liqalarda yüksək yerləri tutmuş komandaların üzvləri həmin təlim prosesində iştirak etsin. Toplanışda həmyaşıdlarından daha yaxşı göstəricilərə nail olmuş uşaqların Londona gedərək "Arsenal"ın bazasında hazırlıq keçməsi nəzərdə tutulub.

Xatırladaq ki, bu il AFFA-nın layihəsi əsasında Bakıda "Mançester Yunayted"ın Yay Futbol Məktəbinin toplanışı təşkil olunub və İngiltərədən gəlmiş məşqçilərin seçimi əsasında 6 uşaq Mançester şəhərinə gedərək bu klubun təlimlərində iştirak edib.

Qeyd edək ki, Məmmədov Futbol İdarəçiliyi Təlim Proqramı ilə əlaqədar İngiltərədə səfərdədir

Mənbə: affa.az