Oğuz Çətin “Xəzər” azarkeşlərinə səsləndi
27.11.2013 - 18:00
Oğuz Çətin “Xəzər” azarkeşlərinə səsləndi
Yaxın günlərdə “Xəzər Lənkəran”la müqavilə bağlayacağı gözlənilən türkiyəli məşqçi Oğuz Çətinin apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran” klubunun ölkə çempionatının XIV turu çərçivəsində “Bakı”ya səfərdə 0:3 hesabı ilə uduzduğu matçı izlədiniz. Bu qarşılaşmaya necə dəvət olundunuz?
- Mən həmin görüşü “Xəzər Lənkəran”ın qonağı kimi izləmişəm. Daha sonra isə Mustafa Dənizli ilə Lənkərana, komandanın bazası ilə tanış olmaq üçün getdik. Şəhər, stadion, məşq meydançaları ilə tanış olduq. Ora bir komanda şəklində getmişdik.

- Con Toşak istefa verməmişdən öncə sizinlə danışıqlar olmuşdu?
- Xeyr, xeyr... Sadəcə, “Bakı” ilə oyuna baxmağa gəlmişdim.

- Lənkəranda olarkən nəyi bəyəndiniz, nə xoşunuza gəlmədi?
- Bizim hələ “Xəzər Lənkəran”la rəsmi anlaşmamız yoxdur. Bununla belə, deyə bilərəm ki, klubun stadionu, bazası çox gözəldir. Şəhər kiçik olsa da, istiqanlı bir yerdir. Xəzər dənizinin sahilində yerləşməsi şəhərə gözəllik verir. Bu baxımdan problem yoxdur. Futbol baxımından da problem olmamalıdır. Üstəlik, “Xəzər Lənkəran” azarkeşinin Azərbaycanda komandasına ən çox dəstək verən tərəfdar olduğunu da bilirik. Bu da çox önəmlidir.

- Əvvəllər “Xəzər Lənkəran”ın hansısa oyununu izləmişdiniz?
- Yox, izləməmişdim.

- “Xəzər Lənkəran”ın vaxtilə çalışdığınız “Fənərbaxça” ilə yoxlama oyununu Türkiyə telekanalı göstərirdi. Bu qarşılaşmanı da seyr etməmisiniz?
- Həmin oyuna baxmışdım. Mən “Xəzər Lənkəran”ın çempionat matçlarını izləmədiyimi nəzərdə tuturdum.

- Müqavilənizin rəsmiləşməsi üçün nələr lazımdır?
- Bəzi detallar var ki, onlara dair müzakirələr gedir. Mənfi bir şey görünmür. Ancaq futbolun içindəsiniz. Bunu bilirsiniz ki, müqaviləyə imza atmamış bu haqda danışmaq düzgün deyil.

- Türkiyə mətbuatında müqavilənizin müddətinin 2 və ya 1,5 illik olacağı yazılır. Bu rəqəmlərdən hansı doğrudur?
- (gülür) Danışıqlarımız müsbət nəticələnərsə, bu haqda sizə daha dəqiq məlumat verərik.

- “Bakı” ilə oyunu izlədiniz. Dənizliyə bu qarşılaşma ilə bağlı hansı cızdığınız planları açıqladınız?
- Qeyd etdiyim kimi, bu haqda dərinliklərə getmək düzgün olmazdı. Ancaq ümumi şəkildə bunu söyləyə bilərəm ki, “Xəzər Lənkəran”ın futbolçuları çox potensiallı oyunçulardır. Yəni komanda daha yaxşı motivasiya olunduqdan, daha yaxşı şəkildə qurulduqdan sonra yuxarı pillələrə qalxa biləcək səviyyədədir.

- Komanda olaraq Lənkərana dəvət edildiyinizi dediniz. Bu heyətdə sizinlə Dənizlidən başqa, İbrahim Üzülməz və Zafər Öğer də var?
- Hazırda hər hansı bir şey dəqiqləşməyib. Bu gün və ya sabah bir şey dəqiqləşərsə, onda daha rahat bu haqda danışa bilərik.

- Müqavilənin təxminən nə vaxt rəsmiləşəcəyi gözlənilir?
- Fikrimcə, 1-2 günə.

- Yəqin ki, rəsmiləşəcəyi halda komandanı AZAL-la oyuna siz çıxarmayacaqsınız. Çünki komanda sizin rəhbərliyiniz altında məşq etməyib...
- Bu haqda bir şey deyə bilmərəm. Bizim belə bir təcrübəmiz mövcuddur. 1 gün qalmış komandanın başına keçsək də, ertəsi gün oyuna çıxmışıq.

Səbuhi TOFİQOĞLU