Mançini: İkinci hissədə nə baş verdiyini mən də anlamadım
28.11.2013 - 02:25
Mançini: İkinci hissədə nə baş verdiyini mən də anlamadım
“İlk hissədə mükəmməl oynadıq. Hər şey əla idi. Amma ikinci yarıda nə baş verdiyini mən də anlamadım”. bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini “Real”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Çempionlar Liqasının V turu çərçivəsində Madrid klubu qarşısındakı 4:1 hesablı məğlubiyyəti dəyərləndirib.

Mançini müdafiədəki problemləri xüsusi olaraq vurğulayıb: “İkinci hissədə 4-5 səhv etdik və bunun cəzasını çəkdik. Bu səviyyədə belə səhvlər etməməliyik. Bu şəkildə səhvlər edərsəniz, “Real” kimi komandalar sizi ağır cəzalandırar. Bu primitiv səhvləri izah etməkdə belə çətinlik çəkirəm”.

Təcrübəli çalışdırıcı dekabrın 10-da İstanbulda “Yuventus”la keçiriləcək son matç haqqında da danışıb: “Yuventus”la oyunda xüsusilə də azarkeşlərimizə çox ehtiyacımız olacaq. Onlar bu matçda bizə çox kömək etməlidirlər. Son dəqiqəyə qədər azarkeşlərimiz komandanı dəstəkləməlidir. Son oyunumuz çox vacib olacaq”.