Yusuf Şimşək: Arif İsayevin qalmasını istərdim, amma...
28.11.2013 - 10:27
Yusuf Şimşək: Arif İsayevin qalmasını istərdim, amma...
“Düzgün yoldayıq. İlk dəfə ardıcıl 2 oyunda məğlub olmadıq. Hesabda geri düşməmizə baxmayaraq, sonradan qol vurduq”. Apasport.az saytının məlumatına görə, bunu “Dənizlispor”un baş məşqçisi Yusuf Şimşək deyib.

Şimşək “Kahramanmaraşspor” (2:0) və “İstanbul BB” (1:1) ilə matçlarda yenilməmələrinin düşərgədə əla ab-hava yaratdığını söyləyib: “Komandada hazırda dostluq var. Təcrübəli oyunçular Bülənt, Kahe və Ləvənt komandaya böyüklük edir. Hazırda tam bir kollec havası var... Bu uşaqlarda bir işıq gördüm. İndi məqsədimiz qış fasiləsinə kimi toplaya bildiyimiz qədər xal qazanmaqdır”.

38 yaşlı çalışdırıcı Arif İsayev və Bayram Fetainin komanda ilə qarşılıqlı şəkildə yolları ayırmasına da münasibət bildirib: “Mən Arif və Bayramın komandada qalmasını istərdim. Ancaq bu futbolçuların zədələri mövcuddur. Uzun müddət onlarla çalışa bilmədik və çalışa bilməyəcəkdik də. Ona görə də həmin oyunçularla yollarımızı ayırma qərarı qəbul etdik”.

Qeyd edək ki, “Dənizlispor” noyabrın 30-da Usim Nduka ilə Andrey Popoviçin şərəfini qoruduğu “Tavşanlı Linyitspor”un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.