Türkiyə klubunun baş məşqçisi Andrey Popoviçə görə tənqid olunur
28.11.2013 - 12:05
Türkiyə klubunun baş məşqçisi Andrey Popoviçə görə tənqid olunur
“Tavşanlı Linyitspor”un Türkiyənin I dəstəsində uğursuz çıxışı yerli mətbuatda baş məşqçi Ümit Erol Tokun tənqid olunmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, tənqidçilər 62 yaşlı çalışdırıcını 10 oyundur çempionatda qələbə qazana bilməyən, son turda autsayder “Fəthiyəspor”u yenməyi belə bacarmayan komandanın start heyətində dəyişiklik etməyə çağırır.

Hətta 62 yaşlı çalışdırıcı “çərçivə”ni 21 yaşadək milli komandamızın qapıçısı Andrey Popoviçə etibar etməməyinə görə də tənqid atəşinə tutulur: “Yarımmüdafiə xəttində Gökhan kimi “Qalatasaray”ın yetirməsi olan bir oyunçunu ehtiyatda oturtmayacaqsan. 90 dəqiqə boyunca hücumda 2 vəziyyət yaratmamış Sanini oynadıb hücumçu olaraq gətirdiyin Deleni kənarda oturtmayacaqsan. Pis çıxışını izlədiyin Mətin Erolu belə matçlarda ehtiyatda oturdub, Gökhan Köstərəli və ya Andrey Popoviçi ilk “11-lik”də oynadacaqsan. Bu cür dəyişiklikləri belə matçlarda edəcəksən ki, oynamayan futbolçular bəlkə özlərini göstərəcək, bəlkə də daha yaxşı oynayacaqlar. “İstefa et” demək asandır. Əsas məsələ əldəki heyətin potensialını bilməkdir. Həmişə eyni futbolçulara şans verib onlardan bir şey gözləmək oyunu tribunadan izləməkdən fərqlənmir...”

Qeyd edək ki, Andrey Popoviçdən fərqli, milli komandamızın sabiq müdafiəçisi Usim Nduka “Tavşanlı Linyitspor”un əsas heyət üzvüdür.