“İstənilən komandanın müdafiəsini yarmağa qadirik” - MÜSAHİBƏ
28.11.2013 - 16:09
“İstənilən komandanın müdafiəsini yarmağa qadirik” - MÜSAHİBƏ
“Qəbələ” klubunun seneqallı futbolçusu İbrahima Niassenin apasport.az saytına müsahibəsi

- Sabah Topaz Premyer Liqasının XV turu çərçivəsində səfərdə “Rəvan”la qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?
- Hər oyun bizim üçün önəmlidir. Bu qarşılaşmaya da ciddi hazırlaşmışıq. Yenicə Bakıya çatmışıq. “Rəvan”ın ötən tur “Qarabağ”la heç-heçə etdiyini bilirik. Normal komandadır. Səfər matçı olsa da, 3 xal qazanmağa çalışacağıq.

- “Rəvan”ın çempionatın autsayderlərindən olmasını nəzərə alsaq, sizin üçün qarşılaşmanın asan keçəcəyini söyləmək olarmı?
- Yox, mən belə düşünmürəm. Ümumiyyətlə, asan oyun yoxdur. Əgər qələbə qazansaq, o haqda demək olar ki, asan rəqib idi, ya yox. İndi isə belə deməyə əsasımız yoxdur.

- İlk dövrənin oyununda siz “Rəvan”ı Qəbələdə 3:0 hesabı ilə məğlub etmişdiniz...
- Nəyə işarə vurduğunuzu başa düşdüm. Həmin oyun yadımdadır. Onda biz yaxşı çıxış etmişdik. Mən 90 dəqiqə oynamışdım. Ancaq indi “Rəvan”da çox dəyişikliklər olub. Onda komandanı başqa baş məşqçi çalışdırırdı. İndiki “Rəvan” daha yaxşı təsir bağışlayır. Həmin 3:0 hesabı indi önəm kəsb eləmir. O matçı unutmağa çalışırıq. Çünki sabahkı qarşılaşma daha vacibdir.

- Cari mövsüm “Bayıl Arena”nın süni örtüklü meydançasında ilk dəfə çıxış edəcəksiniz. Düzdür, siz əvvəllər “İnter”in heyətində “Şəfa” stadionunda çox oyun keçirdiyinizdən, öyrəncəlisiniz. Ancaq komandanız üçün süni qazonda oynamaq çətinlik yaratmayacaq ki?
- Bizim hamımız peşəkar futbolçularıq. Bu amilin oyunumuza ciddi təsir edəcəyini düşünmürəm. Bizim üçün hazırda süni örtükdə oynamaq problem deyil.

- Bayaq dediyiniz kimi, “Rəvan” “Qarabağ”dan xal almağı bacardı. Bu oyuna canlı şəkildə və ya rəqibin təhlili zamanı baxmısınız?
- Yox, bu qarşılaşmaya baxmamışam. Ancaq dediyim kimi, hər oyun asan olmur. “Rəvan” turnir cədvəlinin liderindən xal almağı bacarırsa, deməli, bu komandada dəyişikliklər var. Hamı, “Qəbələ”, “Qarabağ” deyir, ancaq o biri komandaların gücünü nəzərə almır. Əgər yaxşı oynayırsansa, onda matç sənin üçün də asan keçir və ya əksinə, pis çıxış edirsənsə, görüşü də çətin şəkildə başa vurursan.

- Həm də belə komandalar güclü rəqiblərinə qarşı meydana çox böyük motivasiya ilə çıxır...
- Çox düzgün qeyd etdiniz. “Rəvan” bizimlə oyuna rəqibini büdrətmək üçün çox böyük həvəslə çıxacaq. Motivasiya qələbə qazanmağın açarıdır. Şəxsən mənim üçün istər “Rəvan”, istərsə də “Qarabağ” və “Neftçi” ilə oyunlar olsun, hər 2 matça motivasiya ilə çıxanda daha yaxşı çıxış edirəm.

- “Qarabağ” “Rəvan”la matçda çoxlu hücumlar qursa da, əks tərəfin müdafiəsini yarmaqda çətinlik çəkdi. Siz bunu yarmaq yönündə nə planlar qurmusunuz?
- Açığı, bu matça baxmadığımdan, “Rəvan”ın müdafiə xəttinin həmin oyunda necə təsir bağışlamasını bilmirəm. Ancaq onu bilirəm ki, biz böyük istəklə meydana çıxanda istənilən rəqibə qələbə qazanmağa, istənilən komandanın müdafiə xəttini yarmağa qadirik.

- “İnter”də çıxış etdiyiniz vaxtlardan sizi mərkəz, dəqiqləşdirsək, dayaq yarımmüdafiəçisi kimi tanıyırıq. Ancaq “Qəbələ”də daha çox müdafiənin mərkəzində çıxış edirsiniz. Yuri Syominin sizi bu mövqedə oynatması özünüzü narahat hiss etməyinizə səbəb olmur?
- Elədir, mənim əsas mövqeyim dayaq yarımmüdafiəçisidir. Ancaq mənim üçün müdafiəçi və ya yarımmüdafiəçi çıxış etməyin elə bir fərqi yoxdur. Baş məşqçi məni hazırda müdafiəçi kimi oynadır. Əgər mənə hücumçu kimi çıxış etməyi tapşırsa, belə də oynayaram. Düzdür, ola bilər ki, dayaq yarımmüdafiəçisi kimi çıxış edəndə daha çox qol vurmaq şansım olur. Ancaq əsas məsələ mənim harda oynamağım yox, komandaya hansı mövqedə daha çox xeyir verəcəyimdir. Görünür, baş məşqçimiz mənim arxa xəttə daha çox lazımlı olduğumu düşünür.

Səbuhi TOFİQOĞLU