“Xəzər Lənkəran” ən çox məğlub etdiyi rəqibə qarşı
29.11.2013 - 01:09
“Xəzər Lənkəran” ən çox məğlub etdiyi rəqibə qarşı
“Xəzər Lənkəran” bu həftə Topaz Premyer Liqasının XV turunda doğma meydanda AZAL-ı qəbul edəcək. Apasport.az xəbər verir ki, klubun rəsmi sayt oyuna tarixin və statistikanın prizmasından nəzər yetirib.

Ən çox məğlub edilən rəqib

AZAL bütün yarışların statiskasına görə “ağ-yaşıllar”ın ən çox məğlub etdiyi komandadır. Belə ki, bu rəqibə qarşı keçirilmiş 15 oyundan “Xəzər Lənkəran” qalib ayrılıb.

Ölkə birinciliyində bu komandalar arasında 2005-ci ildən bəri 21 oyun baş tutub. 13 çempionat matçında qələbə qazanan cənublular 4 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. Ümumi top fərqi – 28:13.

Lənkəranda baş tutan 10 oyunda 6 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Cənub təmsilçisinin doğma divarlar arasında vurduğu qolların sayı isə rəqibin vurduğu qolları ikiqat üstələyir – 14:7.

Hazırkı mövsüm

Hər iki komandanın bu mövsüm göstəriciləri ürəkaçan deyil. Son 6 tura nəzər salsaq, “Xəzər Lənkəran”da 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət, AZAL-da isə 4 heç-heçə və 2 məğlubiyyət var.

Lənkəran klubunun bu çempionatda məğlub etdiyi üç rəqibdən biri də məhz “təyyarəçilər”dir. 7-ci turda “AZAL Arena”da keçirilən oyun 3:1 hesabı ilə “ağ-yaşıllar”ın xeyrinə başa çatıb.

AZAL-ın çempionatda son qələbəsi isə daha əvvəl, 5-ci turda baş tutub. Səfərdə “Qarabağ”ı məğlub etməklə ardıcıl 4-cü qələbəsini qazanmış paytaxt klubu o gündən qələbə qazana bilmir.

Digər məqamlar

AZAL-a qarşı birinci dövrədə keçirilmiş oyun həmçinin “Xəzər Lənkəran”ın geridə qalan 14 tur ərzində hesabı açdığı yeganə qarşılaşmadır.

Braziliyalı Deyvid Sakkoni 3-cü dəqiqədə AZAL-ın qapısından ilk və hələ ki yeganə topunu keçirməklə, həm də bu mövsüm “Xəzər Lənkəran”ın vurduğu ən tez qolun müəllifi olub.


30 noyabr
17:00. “Xəzər Lənkəran” – AZAL.
Lənkəran şəhər stadionu.
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov.